Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.11.2016 09:16
  • A-
  • A
  • A+

“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda seminar keçirilib

“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda seminar keçirilib

Noyabrın 8-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda seminar keçirilib.

Seminar AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin təşəbbüsü, Gənc Alim və Mütəxəssislər Şurası  və  Müəllif Hüquqları və Patent şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub. 

Tədbiri giriş sözü ilə açan AMEA İnnovasiya şöbəsinin müdiri Vüqar Babayev akademiyada elmin kommersiyalaşdırılması istiqamətində görülən işlər, aparılan uğurlu islahatlar barədə məlumat verib. Dövlətimiz tərəfindən elmin inkişafına göstərilən diqqət və qayğıdan söz açan V.Babayev bildirib ki, AMEA-nın Yüksək Texnologiyalar Parkının yaradılması bunun bariz nümunəsidir. O, Kimya və Yer elmləri bölmələrinin alim və mütəxəssislərini Parkın gələcək fəaliyyətində daha yaxından iştirak etməyə, öz innovativ ideya və biliklərini təqdim etməyə dəvət edib.

Sonra "AMEA-da innovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılmasının təşkili" mövzusunda məruzə ilə çıxış edən həmin şöbənin baş mütəxəssisi Samir Vəliyev innovasiya fəaliyyəti, xüsusilə AMEA-da elmin kommersiyalaşdırılması üzrə atılan addımlar və hazırlanan mexanizmlər barədə məlumat verib. Təqdimatda ideya müəlliflərinə innovasiya fəaliyyəti istiqamətində beynəlxalq təcrübələrin öyrənilməsi və AMEA-da mövcud infrastruktura da toxunularaq ideyadan istehsalata tətbiq oluna biləcək rəqabətədavamlı hazır məhsulun istehsalına  qədər icra prosesi geniş izah edilib. 

"Elmin kommersiyalaşdırılmasında patent və lisenziyaların rolu" adlı məruzəsində AMEA Müəllif Hüquqları və Patent şöbəsinin müdiri Sadıx Nəbiyev əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri məlumatları diqqətə çatdırıb. Bildirib ki, patent və əqli mülkiyyət hüquqlarının qorunmasından daha önəmi amil onların tətbiq edilə bilməsidir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq Proqram və Layihələr sektorunun rəhbəri Arif Nəcimov da təqdimatla çıxış edərək beynəlxalq proqram və layihələrdə iştirakın önəmindən danışıb. Avropa Komissiyasının "HORİZON-2020" və Erasmus+ KA2 kimi çərçivə proqramlarında iştirakın zəruriliyini vurğulayan A.Nəcimov Fransada keçdiyi və öyrəndiyi təcrübələri bölüşüb.

Qeyd edək ki, bu silsilə proqramın ilk seminarıdır. Növbəti seminarlar 18 və 22 noyabr tarixlərində ardıcıl olaraq Fizika-Riyaziyyat və Texnika və Biologiya və Tibb Elmləri bölmələri üzrə keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: