Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

07.11.2016 12:13
  • A-
  • A
  • A+

“Thomson Reuters” AMEA-nın institut və təşkilatlarında təlimlər keçirəcək

“Thomson Reuters” AMEA-nın institut və təşkilatlarında təlimlər keçirəcək

AMEA ilə “Thomson Reuters” agentliyi arasında imzalanmış əməkdaşlıq müqaviləsinin icrası istiqamətində müzakirələr aparıldı.

Cari il oktyabr ayının 11-də AMEA ilə dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilədə AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan çox sayda alim və mütəxəssislərin “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı əks olunmuşdur. Həmçinin agentliyin mütəxəssisləri tərəfindən bu bazaya daxil olan jurnallarda məqalələrin dərc edilməsi qaydaları, elmi müəssisələrdə əldə olunan yeniliklər və alimlərin beynəlxalq aləmdə tanınması kimi müxtəlif mövzularda mütəmadi seminar və treninqlərin keçirilməsi nəzərdə tutulmuşdur.

AMEA Rəyasət Heyətində “Thomson Reuters” Agentliyinin Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə ilə keçirilən görüşün məqsədi məhz bu əməkdaşlıq müqaviləsinin icrası istiqamətində müzakirələrin aparılması idi.

Öncə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev əməkdaşlığın əhəmiyyətindən söz açaraq bu addımın ölkəmizdə daha mühüm elmi nailiyyətlərin əldə edilməsinə, Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiya prosesinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə etdi. Qeyd etdi ki, hazırda əsas məqsəd müqavilənin şərtlərindən irəli gələrək zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.

Alim AMEA-nın institut və təşkilatları üçün seminar və treninqlərin təşkil edilməsində İnformasiya Texnologiyaları İnstitutunun lazımi köməklik göstərməyə və texniki dəstək verməyə hazır olduğunu qeyd etdi.

Sonra A.Babazadə “Thomson Reuters”in təlim proqramları barədə məlumat verərək onların canlı (in-class), vebinarlar və sertifikasiya proqramları formatında keçirildiyini, iştirakçılara platformadan istifadə və məqalələrin yazılma qaydaları haqqında geniş məlumatların verildiyini diqqətə çatdırdı.

Onun sözlərinə görə, Thomson Reuters” həm jurnal redaktorları, həm də tədqiqatçı alimlər üçün təlimlərin təşkilini nəzərdə tutur. Əsas məqsəd müasir dövrdə elmi jurnalların beynəlxalq tələblər səviyyəsində idarə edilməsi, dərgilərə elmi tutumlu məqalələrin cəlb edilməsi yolları və jurnalların dünyanın nüfuzlu elmi bazalarına daxil olması üçün tələb olunan şərtlərə dair məlumatları paylaşmaqdır.

Sonda AMEA ilə “Thomson Reuters” təşkilatı arasında imzalanmış əməkdaşlıq müqaviləsinin icrasını həyata keçirmək məqsədilə Fəaliyyət Planının hazırlanması qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: