Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

02.11.2016 17:17
  • A-
  • A
  • A+

AMEA ilə AR Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

AMEA ilə AR Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

Bu gün AMEA Rəyasət Heyətində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüş keçirilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə öncə qonağı salamlayaraq onu rəhbərlik etdiyi elm ocağında görməkdən məmnun olduğunu bildirib. Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da elmin inkişafı üçün böyük maliyə resursunun tələb olunduğunu söyləyən alim qeyd edib ki, əsas məqsədlərdən biri də AMEA-da elmin bizneslə əlaqələndirməsi ilə bağlı təcrübənin öyrənilməsidir.

A.Əlizadə AMEA-nın Təcrübə-Sənaye Zavodunda elmi innovativ fəaliyyətin təşkil olunduğunu bildirərək, bu istiqamətdə bütövlükdə AMEA üzrə mühüm tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, elm ilə biznes fəaliyyətinin bir-birilə əlaqələndirilməsi ilə bağlı AMEA Rəyasət Heyətində müvafiq qurumlarla görüşlər keçirmək, müzakirələr aparmaq lazımdır.

Sonra çıxış edən ASK-nın prezidenti Məmməd Musayev ölkədə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində atılan addımların sistemli və ardıcıl xarakter daşıdığını bildirib. Ölkə Prezidenti İlham Əliyev tərəfindən son zamanlar imzalanmış müvafiq sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına böyük dəstəyin göstəricisi olduğunu vurğulayıb. 

Bu gün Azərbaycanda ümumilikdə 600 min sahibkarlıq subyektinin fəaliyyət göstərdiyini söyləyən qonaq onlardan 100 minə yaxınının hüququ şəxslər, qalanlarının isə fiziki şəxslərə aid olduğunu qeyd edib. Bildirib ki, sahibkarlıq fəaliyyəti ilə rəsmi qeydiyyatdan keçən qurumlar məşğul olurlar.

Azərbaycanda ümumi daxili məhsulun 70-80 faizinin özəl sektorun payına düşdüyünü nəzərə çatdıran M.Musayev qeyd edib ki, bütün bu faktlar ölkədə elm sahəsinə yeni baxışın formalaşdığını sübut edir.

O, ASK-də Elm və təhsil komissiyasının fəaliyyət göstərdiyini, qurumun AR Təhsil Nazirliyi ilə əməkdaşlıq etdiyini bildirib. AMEA-nın İqtisadiyyat İnstitutu da daxil olmaqla ölkənin 20-yə yaxın elm və təhsil qurumları ilə əlaqələrin mövcud olduğunu vurğulayıb.

AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Akademiya ilə ASK arasında əməkdaşlıq əlaqələrinin təşkili və ortaq layihələrin keçirilməsinin hər iki qurumun fəaliyyətinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. Həmçinin AMEA, ASK və AR Kənd Təsərrüfatı Nazirliyi ilə birgə konfransın təşkilinin zəruriliyini vurğulayıb.

R.Əliquliyev ölkədə İKT üzrə komissiyanın fəaliyyət göstərdiyini qeyd edərək, İKT sahibkarlarının burada yüksək səviyyədə iş apardıqlarını və yeni texnologiyaların axtarışında olduqlarını bildirib.

AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev Akademiyada ASK-nın imkanlarının öyrənilməsi və tətbiqinin vacibliyindən söz açıb. O, AMEA-nın Təcrübə-Sənaye Zavodunda Avropa və dünya standartlarına cavab verən məhdud miqdarda sürtkü materiallarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriyanın yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, AMEA-nın bütün institut və təşkilatlarının fəaliyyətinin beynəlxalq tələblərə uyğun şəkildə təşkili, o cümlədən elmlə biznesin inteqrasiyası baxımından ASK ilə əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir.

Sonda iki qurum arasında müvafiq sahədə əməkdaşlıq haqqında müqavilənin imzalanması, kadr və təcrübə mübadiləsinin aparılması, sahibkarlığa dair ASK-nın təcrübəsinin öyrənilməsilə bağlı geniş fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: