www.science.az
01.11.2016 09:26

Xarici siyasət tariximizdən bəhs edən kitab Rusiyada çapdan çıxıb

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının iki hissədən ibarət “Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003)” kitabı Rusiya Mədəniyyət Fondunun “İnsan” nəşriyyatında rus dilində çap edilib.

Əsər 1991-2003-cü illər xarici siyasət tariximizi əhatə edir. Monoqrafiyada Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələrin, ATƏT-in arxivlərinin, Vyanada BMT-nin və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin kitabxanalarının materialları əsasında diplomatiyamızın keçdiyi yol tədqiq edilir.

Əsərin birinci hissəsində dağılma ərəfəsində olan SSRİ-nin daxili ictimai-siyasi və beynəlxalq vəziyyəti, ölkəmizin dövlət müstəqilliyinin bərpası, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün Azərbaycan diplomatiyası qarşısında duran vəzifələr, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində diplomatiyamızın mövqeyi və qonşu ölkələr ilə münasibətlər araşdırılır.

Nəşrin ikinci hissəsində isə Azərbaycanın Avropa, Asiya, Afrika ölkələri, eləcə də ABŞ ilə münasibətləri, beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sistemində tutduğu yer, xarici siyasətdə iqtisadiyyat amilinin rolu və digər məsələlər tədqiq edilir.

Diplomatlar, siyasətçilər, beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulan əsər Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dəyərli töhfədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.