www.science.az
24.10.2016 15:12

Görkəmli alim, professor Cəfər Quluzadənin 80 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Oktyabrın 22-də AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında görkəmli alim, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Cəfər Quluzadənin 80 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov professor Cəfər Quluzadəyə həsr olunan beynəlxalq konfransın əhəmiyyətindən danışıb.

Sonra rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi Elçin Babayev görkəmli alimin keçdiyi zəngin həyat yolundan və qazandığı elmi nailiyyətlərdən bəhs edib. Bildirib ki, Leninqrad Dövlət Universitetinin məzunu olan Cəfər Quluzadə 200-dən çox elmi məqalənin, 6 dərsliyin, 2 metodik göstərişin və 1 monoqrafiyanın, eləcə də Günəş fizikası sahəsində bir çox elmi-tədqiqat işlərinin müəllifidir. O, ilk dəfə olaraq differensial, inteqral qalıq və nisbi asimmetriya anlayışlarını təklif edib.

Qeyd olunub ki, professor C.Quluzadə 1997-ci ildən Bakı Dövlət Universitetinin “Astrofizika” kafedrasının müdiridir.

Daha sonra Elçin Babayev Sankt-Peterburqdan, Ukraynadan, Çexiyadan, Almaniyadan, İstanbuldan və Moskvadan professor Cəfər Quluzadənin 80 illiyi münasibətilə göndərilən təbrik məktublarını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransda Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri doktoru, professor Məmmədəli Ramazanov çıxış edərək alimin Bakı Dövlət Universitetindəki elmi fəaliyyətindən danışıb.

Təbriz Universitetinin professoru Samad Sobhanian, fizika-riyaziyyat elmləri namizədi, dosent Kəmalə Alışova çıxışlarında professor Cəfər Quluzadənin tədqiqat­larının elmə verdiyi töhfələri diqqətə çatdırıblar.

Tədbirdə AMEA-nın müxbir üzvü Əyyub Quliyevin, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, professor Cəsarət Əliyevin, Təbriz Universitetinin professoru Ali Ajabşirizadehin məruzələri dinlənilib.

Sonda professor C.Quluzadə konfransın təşkilatçılarına və iştirakçılara minnət­darlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.