www.science.az
24.10.2016 13:05

Akademik Məmməd Salmanov beynəlxalq konfransda iştirak edib

Rusiyanın Mahaçqala şəhərində Dağıstan Dövlət Universitetinin 85 illiyinə həsr edilən “Xəzər-dostluq və ümid” adlı beynəlxalq elmi–praktik konfrans keçirilib.

Beynəlxalq tədbirdə ölkəmizi təmsil edən AMEA-nın Mikrobiologiya İnstitutunun  direktoru, akademik Məmməd Salmanov “Xəzər dənizində antropogen evtroplaşmanın oksigen rejiminə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Natiq Xəzər dənizinin ekoloji sabitliyini, zəngin fauna və florasını qorumaq üçün Xəzəryanı ölkələrin əməkdaşlığının vacibliyini önə çəkib. O, Xəzərin ekoloji vəziyyətinə mənfi təsir edən başlıca antropogen faktorlardan olan oksigen məsrəfinin artması səbəblərinə qarşı birgə tədbirlər planının hazırlanmasının zəruriliyini vurğulayıb.

Tədbirdə çıxış edənlər bildiriblər ki, dünyanın bir sıra ölkələrinin elm adamlarını bir araya gətirən konfrans gələcəkdə dövlətlər arasında əlaqələrin genişlənməsi və möhkəmlənməsi baxımından əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.