www.science.az
03.02.2014 00:00

AMEA Aqrar Elmlər Bölməsinin növbəti yığıncağı keçirildi

Bu gün AMEA Rəyasət Heyətində AMEA Aqrar Elmlər Bölməsinin (AEB) növbəti yığıncağı keçirildi.

Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AEB-in akademik-katibi, akademik Qərib Məmmədov gündəlikdəki məsələlər barədə məlumat verdi.

AMEA Rəyasət Heyətinin qərarına əsasən təsis edilmiş “AMEA-nın “Xəbərləri” (aqrar elmlər seriyası) və “Aqrar və ekologiya elmləri” jurnallarına məqalələrin qəbulu məsələsinə toxunan Q.Məmmədov bildirdi ki, jurnalların nəşrində məqsəd aqrar elmin müxtəlif sahələrində aparılan tədqiqatların nəticələrinin işıqlandırmaq, tədqiqatların nəzəri, praktiki və texniki nəticələrini elmi ictimaiyyətə çatdırmaqdır.

Akademik-katib qeyd etdi ki, jurnalların redaksiya heyətinin tərkibinə Azərbaycanın görkəmli alimləri ilə yanaşı, Beynəlxalq Torpaqşünaslar Cəmiyyətinin eks-baş katibi və Avropa Torpaqşünaslarının elmi cəmiyyətlərinin Konfederasiyasının Fəxri prezidenti, akademik Emeritus Vinfrid Blyum, Avropa Torpaqşünaslar Cəmiyyətləri Konfederasiyasının (ECSSS) və İtaliya Torpaqşünaslar Cəmiyyətinin (SİSS) prezidenti, akademik Nikola Senesi, həmçinin Rusiya, İspaniya, Belorus, Moldova və Gürcüstanın tanınmış alimləri də daxil ediliblər.

İclasda AMEA-nın Nizamnaməsinə, elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnaməyə və “AMEA-nın elmi tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkilərin keçirilməsi Qaydaları”na uyğun olaraq bölmə institutlarında səlahiyyət müddəti bitmiş direktorların yenidən rəhbər vəzifəyə təyin edilməsi, institutlarda dil kurslarının təşkili və s. məsələlər müzakirə edildi.

Tədbirdə, həmçinin 2014-cü ildə bölmə institutlarında elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmuş namizədlərin mövzuları təsdiq edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.