Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Folklor və dövlətçilik” mövzusunda ikinci elmi konfrans keçırilib
18.10.2016 13:29
  • A-
  • A
  • A+

“Folklor və dövlətçilik” mövzusunda ikinci elmi konfrans keçırilib

Oktyabrın 18-də AMEA-nın Əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Folklor və dövlətçilik” mövzusunda ikinci elmi konfrans keçirilib.

Tədbir Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncamının icrası ilə əlaqədar təşkil olunub.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsinin - müstəqillik dövrünün əlamətdar cəhəti milli dövlətçilik ənənəsinin bərpasıdır. Məhz milli dövlətçiliyin bərpası milli mədəniyyəti və mənəvi dəyərləri öyrənən elm sahələrinin inkişafına xüsusi şərait və imkan yaradıb.

Milli dövlətçilik ideyalarının ilkin yaradıcılarından birinin folklor olduğunu deyən akademik qeyd edib ki, bu elm sahəsi milli-mənəvi sərvətlərimizin, milli təfəkkürümüzün xəzinəsidir. Folklorda həm ümummilli ideyalar, həm də milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb.

Müstəqillik dövründə Azərbaycan folklorşünaslığının inkişaf xüsusiyyətlərindən və elmi problemlərindən danışan İ.Həbibbəyli bildirib ki, konfransın təşkilinin əsas məqsədi Azərbaycan dövlətçilik ənənələrinin uzaq və yaxın tarixinə, onun folklorda gerçəkləşən mənəvi məsələlərinin təhlilinə diqqəti artırmaqdır.

Tədbirdə Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimliİctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov folklorun tarixindən, müasir dövrdə bu elm sahəsinin əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, folklorda dövlətçilik ideyaları hələ eramızdan əvvəl yaranıb və bu, əfsanələrdə əksini tapıb. Sonrakı ədəbiyyatda da dövlətçilik ənənələri yer alıb. Bu ideyalar əsasında yaranan “Kitabi-Dədə Qorqud” dastanı dövlətçiliyə həsr olunmuş bədii örnəkdir.

Konfransda “Heydər Əliyev siyasi kursu və folklor”, “Müstəqillik dövründə Azərbaycan folklorşünaslığının aktual problemləri”, “Azərbaycan folkloru ümumtürk folkloru kontekstində”, “Azərbaycan mühacirət folklorşünaslığı müasir elmimizdə”, “Türk dövlətçilik ənənəsində simvollar” və digər mövzularda məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: