www.science.az
18.10.2016 13:51

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr olunan kitabların təqdimatı olub

AMEA Naxçıvan Bölməsində bölmənin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında” adlı monoqrafiyasının və “Naxçıvan müstəqillik illərində: hədəflər, inkişaf, nəticələr” adlı məqalələr toplusunun təqdimatı keçirilib.

Tədbirdə akademik İsmayıl Hacıyev çıxış edərək təqdim olunan əsərlərin məziyyətlərindən, tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, hər iki kitabın nəşri müstəqil Azərbaycanın elmi həyatında mühüm hadisədir.

Daha sonra Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvan Muxtar Respublikasının müstəqillik illərindəki tarixinə həsr edilmiş əsər”, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Asəf Orucovun “Naxçıvan Muxtar Respublikasının müstəqillik illərindəki inkişafına həsr olunmuş əsər” mövzusunda məruzələri dinlənilib.

Bildirilib ki, kitablarda müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən yeniliklər, habelə əldə olunan nailiyyətlər əhatəli şəkildə təhlil olunaraq işıqlandırılıb. Əsərlər tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.