Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Rusiya jurnalında azərbaycanlı alimin dövlət müstəqilliyimizin 25 illiyi ilə bağlı məqaləsi dərc edilib
18.10.2016 09:43
  • A-
  • A
  • A+

Rusiya jurnalında azərbaycanlı alimin dövlət müstəqilliyimizin 25 illiyi ilə bağlı məqaləsi dərc edilib

Dövlət müstəqilliyinin 25 illiyinə Azərbaycan Respublikası dünyanın sürətlə inkişaf edən ölkələrindən biri kimi gəlib çatıb. Nisbətən qısa tarixi dövrdə ölkəmiz ümummilli lider və müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən hazırlanmış ardıcıl, gələcəyə istiqamətlənən islahatların, dirçəliş və inkişaf strategiyasının uğurla həyata keçirilməsi sayəsində böyük müvəffəqiyyətlər əldə edib. Bu strategiyanın həyata keçirilməsində həlledici rolu Heydər Əliyevin layiqli siyasi varisi, Azərbaycanın müasir inkişaf modelinin banisi Prezident İlham Əliyevin müdrik, güclü və məqsədyönlü siyasəti oynayıb.

Bu barədə Əməkdar Elm Xadimi, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun Rusiyanın nüfuzlu “Sovremennaya nauçnaya mısl” elmi jurnalının xüsusi buraxılışında dərc edilən və Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 25 illiyinə həsr olunmuş məqaləsində söz açılır.

Müəllif vurğulayır ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyi məktəbinin məzunudur və ümummilli liderdən aldığı dərslər sayəsində peşəkar siyasətçi, istedadlı rəhbər və görkəmli dövlət xadimi kimi formalaşıb. İlham Əliyevin siyasi xadim və dövlət lideri kimi təşəkkül yolu çətin olduğu qədər, tərcümeyi-halının - dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsindən Milli Olimpiya Komitəsinin prezidenti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti və birinci vitse-prezidentliyi, Yeni Azərbaycan Partiyasının sədr müavini, Baş nazirdən Azərbaycan Respublikasının Prezidentinə qədər mühüm mərhələləri kimi parlaq və zəngindir.

Y.Mahmudov yazır ki, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) daimi nümayəndəliyinin rəhbəri olduğu vaxtlarda İlham Əliyevin cəsarətli və qətiyyətli çıxışları Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli artırdı. Məhz İlham Əliyevin böyük miqyaslı, yorulmaz fəaliyyəti sayəsində Avropa Şurasında erməni təcavüzkarları ifşa edildi, Qərbin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi obyektiv qavrayışının formalaşmasında dönüş yarandı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə düzgün siyasi qiymət verildi. Ermənistanın təcavüzkar və işğalçı ölkə, erməni terrorunun beynəlxalq terrorizmin tərkib hissəsi kimi Avropa Şurasında tanınmasında, Avropa və dünya ictimaiyyətinə Dağlıq Qarabağın terrorizm və narkotik alveri yuvasına çevrilməsi həqiqətlərinin çatdırılmasında İlham Əliyevin böyük xidmətləri olub. Avropa Şurasında yorulmaz fəaliyyəti və AŞPA-da obyektiv və konstruktiv çıxışları ilə İlham Əliyev böyük nüfuz və Qərb siyasətçiləri arasında hörmət qazanaraq 2003-cü ilin yanvarında AŞPA-nın vitse-spikeri və AŞPA bürosunun üzvü seçildi.

Məqalə müəllifi qeyd edir ki, 2003-cü ildə İlham Əliyev Azərbaycan prezidenti seçilərkən qarşısında bir çox problemlər var idi. Azərbaycan kimi strateji əhəmiyyətli dövlətin başçısı olmaq asan deyil. Çünki zəngin təbii resursları ucbatından Azərbaycan bütün coğrafi istiqamətlərdə dünyanın əsas güc mərkəzlərinin təzyiqlərinə məruz qalır.

İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan heç bir güclü ölkənin forpostuna çevrilmədi, dünyanın nəhəng güc mərkəzləri arasında gedən böyük geosiyasi qarşıdurmada oyuncaq dövlət olmadı. Əksinə, Cənubi Qafqazda aparıcı ölkə kimi Azərbaycanın mövqeyi gücləndi. Bütün bu uğurlar Azərbaycan ərazisinin 20 faizini işğal edən, qaçqın və məcburi köçkün statusu ilə yaşamağa məcbur olan bir milyondan çox azərbaycanlını doğma torpaqlarından didərgin salan təcavüzkar Ermənistanla müharibə vəziyyətində qazanılıb.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə möhkəm prinsipial mövqeyini nümayiş etdirir. O, Azərbaycanın dövlət başçısı vəzifəsinin icrasına başlamasından az sonra verdiyi bəyanata sadiqdir: “Suverenliyimiz və ərazi bütövlüyü məsələsində biz heç vaxt güzəştə, kompromisə getməyəcəyik və beynəlxalq birlik Dağlıq Qarabağdakı hərbi rejimi heç vaxt tanımayacaq. Biz torpaqlarımızın işğalı faktı ilə heç vaxt barışmayacağıq, lakin səbrimizin həddi var...”.

Prezident dünya ictimaiyyətinə XIX əsrdən başlayaraq ermənilərin Cənubi Qafqaza köçürülməsi və bu gün Ermənistan Respublikası olan ərazinin tarixi Azərbaycan torpaqları, keçmiş İrəvan xanlığının ərazisi olması haqqında həqiqətləri çatdırır. Bu ilin aprel ayının əvvəlində Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun təxribatlara cavab olaraq işğalçı Ermənistan qüvvələrinə vurduğu sarsıdıcı zərbələr bunu deməyə əsas verir ki, erməni separatçılarının Dağlıq Qarabağdan qovulacağı gün uzaqda deyil.

Yaqub Mahmudov məqaləsində qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan xalqının tarixinə xüsusi diqqət yetirir. Dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyimizin tarixində rolunu yüksək qiymətləndirərək deyir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizdə çox əlamətdar və mühüm hadisədir. Müsəlman dünyasında ilk dəfə demokratik respublika yaradılıb, Azərbaycan xalqı müstəqillik əldə edib. Ölkəmiz dünya birliyinin bir hissəsi olub”.

Bu gün Azərbaycanda tarix elminin inkişafında müşahidə edilən ciddi irəliləyişlər dövlət başçısının çağırışları, təşəbbüsləri və tapşırıqlarının həyata keçirilməsi ilə bağlıdır. O cümlədən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun fəaliyyətinin nəticəsi olaraq Qarabağ, Naxçıvan, İrəvan tarixinə, erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımına dair fundamental əsərlər, habelə Azərbaycan tarixinə həsr edilmiş digər elmi əsərlər nəşr edilib, dünyanın müxtəlif dillərinə tərcümə olunub.

İlham Əliyevin dövlət xadimi kimi müdrikliyi və uzaqgörən siyasətinin sübutu gənc nəslin məqsədyönlü tərbiyəsi və beynəlxalq səviyyəli kadrların hazırlanmasıdır. Qədim tolerantlıq və multikulturalizm ənənələrinə malik Azərbaycan hazırda sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib. Ölkəmiz böyük beynəlxalq forumlara, sammitlərə, idman yarışlarına və çoxsaylı mədəni-kütləvi tədbirlərə ev sahibliyi edir.

Yaqub Mahmudov məqaləsində, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin müdrik, məqsədyönlü, uzaqgörən siyasətinin həyata keçirilməsində birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da fəal iştirak edir. Çoxyönlü xeyriyyə fəaliyyəti ilə Mehriban Əliyeva xalqın dərin sevgisini, beynəlxalq ictimaiyyətin hörmətini qazanıb.

Məqalənin sonunda AMEA-nın Tarix İnstitutunun direktoru yazır ki, İlham Əliyevin həyata keçirdiyi düşünülmüş islahatlar, gündən-günə genişlənən abadlıq işləri, cəmiyyətin müxtəlif təbəqələrinin yaşayış şəraitinin yaxşılaşdırılmasına istiqamətlənmiş qaynar fəaliyyət xalq arasında Prezidentə böyük populyarlıq qazandırıb. Prezident İlham Əliyev Azərbaycanın tarixi salnaməsinə yaradıcı prezident kimi daxil olub. Öz yaradıcı fəaliyyəti ilə o bu gün də Azərbaycan dövlətinin tarixinə şərəfli səhifələr yazır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: