www.science.az
14.10.2016 09:10

“Müstəqillik illərində Hüseyn Cavid irsinə dövlət qayğısı” mövzusunda “dəyirmi masa” keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində dövlət müstəqilliyimizin bərpasının 25 illik yubileyi və böyük şair Hüseyn Cavidin anadan olmasının 134 illiyi münasibətilə “dəyirmi masa” keçirilib.

“Müstəqillik illərində Hüseyn Cavid irsinə dövlət qayğısı” mövzusunda keçirilən tədbir Hüseyn Cavidin Ev Muzeyi və Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Hüseyn Cavid poeziya günləri komissiyası tərəfindən təşkil olunub.

Muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyev böyük şair və dramaturq Hüseyn Cavid irsinə daim yüksək diqqət göstərib. Hüseyn Cavidin Bakıda və Naxçıvanda ev muzeylərinin təşkil olunması da bu diqqətin nümunəsidir.

Filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli böyük şairin, cavidlər ailəsinin irsinin toplanması, qorunması, tədqiq və təbliğ edilməsi sahəsində Hüseyn Cavidin Ev Muzeyinin fəaliyyətini yüksək dəyərləndirib.

Sonda Hüseyn Cavidin şeirləri və onun sözlərinə yazılmış mahnılar səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.