www.science.az
13.10.2016 12:47

Elmin İnkişafı Fondu “HORİZON-2020” proqramı üzrə yüksək səviyyəli ekspertlərin iclasını keçirir

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) tərəfindən Bakıda “HORİZON-2020” proqramı çərçivəsində fəaliyyət göstərən “Black Sea Horizon” (BSH) və “EaP PLUS” layihələri üzrə elm, texnologiya və innovasiyalara dair beynəlxalq tədbir (“Workshop for the Participation of Non-EU Black Sea and EaP Countries in Thematic COFUND ERANETs & JPIs”) keçirilir.

Tədbirdə Avropa Tədqiqat Zonaları Şəbəkəsinə (ERA.NET) daxil olan qurumlardan, Avropa İttifaqının üzvü olmayan Qara Dəniz Hövzəsi dövlətlərindən, “Şərq Tərəfdaşlığı” ölkələrindən, habelə Türkiyə, Avstriya, Yunanıstan, Almaniya, İtaliya, Hollandiya, Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Gürcüstan və Moldovadan təmsilçilər və ekspertlər iştirak edirlər.

Tədbirdə çıxış edən EİF-in icraçı direktoru Elçin Babayev tədbirin Şərq və Qərb arasında körpü rolunu oynayan Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib. Ölkəmizdə elm və təhsilin inkişafı üçün böyük işlərin görüldüyünü deyən E.Babayev diqqətə çatdırıb ki, iclas dünyanın müxtəlif ölkələrindən olan təcrübəli mütəxəssislərin bir araya gələrək müvafiq istiqamətdə müzakirələr keçirmələrinə, gələcəkdə atılacaq addımlar barəsində fikir mübadiləsi aparmağa imkan yaradır.

İki gün davam edəcək tədbirdə elmi əməkdaşlığın perspektivlərinə, Avropa Tədqiqat Zonaları Şəbəkəsi (ERA.NET) üzrə müxtəlif tədqiqat proqramlarına (mədəni irs, bioiqtisadiyyat, materialşünaslıq, iqlim, qlobal urban və demoqrafiya problemləri) dair müzakirələr aparılacaq, “Şərq Tərəfdaşlığı” ölkələrinin təcrübəsi haqqında məlumat veriləcək.

Qeyd edək ki, tədbir Yunanıstanda fəaliyyət göstərən "Regional və Beynəlxalq Elm, texnologiya və innovasiyalar üzrə Araşdırmalar və Dəstək Mərkəzi” ilə birgə təşkil edilib (CeRISS). EİF “BSH” və “EaP PLUS” layihələrində qurum kimi iştirak edir. Müvafiq tədbirin Bakıda təşkili barədə qərar, EİF-in səmərəli fəaliyyəti nəzərə alınmaqla, “BSH” layihəsinin cari ilin iyununda Vyanada keçirilmiş baş assambleyasında verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.