Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.10.2016 10:29
  • A-
  • A
  • A+

Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin birgə iclası keçirilib

Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin birgə iclası keçirilib

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında  Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin birgə ümumi iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar AMEA-da görülən işlər barədə ətraflı məlumat verib. Azərbaycanın müstəqilik qazanmasında alimlərin rolunun danılmaz olduğunu söyləyən akademik İsa Həbibbəyli müstəqillik günü ərəfəsində AMEA-da yeni kitabların nəşr olunduğunu bildirib.

Sonra bu ilin sentyabr ayının 26-29-da Sankt-Peterburqda, Dövlət Ermitajının təşkilatçılığı ilə islam numizmatikasına həsr olunmuş beynəlxalq elmi konfransda iştirak edən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri t.ü.e.d., prof. Əli Rəcəbli, Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Rizvan Hüseynov və t.ü.f.d. Anar Sadıxov səfər təəsüratlarını iclas iştirakçıları ilə paylaşıblar. 

Xatırladaq ki, sentyabrın 26-29-da Sankt-Peterburqda, Dövlət Ermitajında islam numizmatikasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransın proqramına erməni alimi A.Akopyanın İrəvan, Naxçıvan, Qarabağ, Gəncə xanlıqlarının ərazisinin “Şərqi Ermənistan” adı ilə təqdim olunduğu məruzə daxil edilmişdi. Bununla əlaqədar AMEA Milli Azərbaycan Tarixi Muzeyi Dövlət Ermitajına etiraz məktubu göndərmiş, etiraz məktubundan sonra məruzənin adından “Şərqi Ermənistan” sözləri çıxarılmışdır. Konfrans vaxtı erməni aliminin təxribatının qarşısını almaq və tarixi həqiqəti auditoriyaya çatdırmaq məqsədilə AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə bir qrup alim Sankt-Peterburqa ezam edilmişdir.

İclasda Azərbaycan nümayəndə heyətinin üzvləri bildiriblər ki, səfər çərçivəsində onlar Ermitajın direktoru M.B.Piotrovski ilə görüşüblər. M.B.Piotrovski Azərbaycan alimlərinin nüfuzlu elmi tədbirdə iştirakından məmnunluğunu və A.Akopyanın məruzəsinin ilkin adının təşkilat komitəsi ilə razılaşdırılmadığını söyləyib. O, həmçinin elmin siyasətə qarışmasının və Qafqaz tarixinin siyasiləşdirilməsinin əleyhinə olduğunu bildirib. 

Tədbirdə, həmçinin 2017/18-ci tədris ili üçün hər iki bölmə üzrə AMEA-nın magistraturasına qəbul planı barədə müzakirələr aparılıb, təklif və tövsiyyələr səsləndirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: