www.science.az
11.10.2016 16:44

Culfa rayonunun Xanəgah kəndi yaxınlığında qaya təsvirləri aşkar olunub

Bu günlərdə Culfa rayonunun Xanəgah kəndi yaxınlığında, (Orta Anzır kəndinin xarabalıqlarından şərq tərəfdə) dağdan qopan iri qaya parçasının üzərində qaya işarələri qeydə alınıb.

İlkin araşdırmalar nəticəsində aydın olub ki, tapılan qaya üzərindəki təsvir ayrılıqda çəkilmiş üç rəsimdən ibarətdir. Rəsimlərin ikisi döymə, biri isə kəsmə texnikası ilə çəkilib.

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin verdiyi məlumata görə, təsvirlər müxtəlif dövrlərdə çəkilib. Döymə üsulu ilə çəkilmiş rəsmlərin bənzərləri Gəmiqaya təsvirlərindən elmə məlumdur. Məlumat üçün qeyd edək ki, çoxmənalı məzmuna sahib olan bu tip təsvirlər başlıca olaraq insanı və həyat ağacını simvolizə edir. Çəkilmə texnikasına görə fərqlənən üçüncü təsvir metal alətdən istifadə olunmaqla hazırlanıb. Bu təsvir də o birilər kimi insanı, daha geniş mənada həyatı, həyat ağacını simvolizə edir.

Vəli Baxşəliyevin fikrincə, qaya parçasının üzərindəki qaya işarələrinin birinci iki təsviri e.ə.II-I minilliklərə, üçüncü təsviri isə bizim eranın I minilliyinə, Orta əsrlərə aid etmək olar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.