www.science.az
11.10.2016 15:15

AMEA ilə “Thomson Reuters” agentliyi arasında əməkdaşlığa dair müqavilə imzalanıb

Oktyabrın 11-də Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətini həyata keçirən ali elmi təşkilatı olan AMEA ilə dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalandı.

Müqaviləyə əsasən AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan çoxlu sayda alim və mütəxəssislər “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı əldə edəcəklər. Həmçinin “Thomson Reuters” agentliyinin mütəxəssisləri tərəfindən bu bazaya daxil olan jurnallarda məqalələrin dərc edilməsi qaydaları, elmi müəssisələrdə əldə olunan yeniliklər və alimlərin beynəlxalq aləmdə tanınması kimi müxtəlif mövzularda mütəmadi seminar və treninqlərin keçirilməsi nəzərdə tutulur.

“Web of Science” yüksək indeksli jurnalların, kitabların, konfrans materiallarının və digər nəşrlərin əhatəli toplusuna malik olan, dünyada elmi yeniliklər və təhlil üzrə qızıl standart kimi qəbul edilən biliklər bazasıdır. “Thomson Reuters Web of Science” platformasına üç əsas: “Genişləndirilmiş Elmi İstinad İndeksi” (Science Citation İndex Expanded), “İctimai Elmlər İstinad İndeksi” (Social Sciences Citation İndex), “İncəsənət və Humanitar Elmlər İstinad İndeksi” (Arts and Humanities Citation İndex) kataloqu daxildir. Müvafiq elm sahələrini əhatə edən hər üç kataloq Azərbaycan istifadəçiləri üçün mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Thomson Reuters” ilə əməkdaşlığı yüksək dəyərləndirdi, müqavilənin Azərbaycanda elmin inkişafına, müvafiq sahədə ölkəmizdə əldə olunan nailiyyətlərin dünyaya çatdırılmasına töhfə verəcəyini və tədqiqatçılar üçün yeni imkanlar açacağını bildirdi. Rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verən akademik A.Əlizadə diqqətə çatdırdı ki, son illər AMEA-nın elmi müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, akademiyada multidissiplinar tədqiqatların inkişaf etdirilməsi üçün əhəmiyyətli addımlar atılıb. Elmi fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə AMEA-nın laboratoriyaları qabaqcıl texnologiyalar və avadanlıqla təmin olunub, gənc alim və mütəxəssislər daim dünyanın müxtəlif elmi təşkilatlarında təcrübə keçməyə göndərilir.

Sonra çıxış edən “Thomson Reuters” təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf Etməkdə olan Bazarlar üzrə baş direktoru Viji Krişnan AMEA ilə əməkdaşlıqdan məmnunluğunu bildirdi. Vurğuladı ki, müqaviləyə əsasən yüzlərlə azərbaycanlı tədqiqatçı beynəlxalq bilik mərkəzləri ilə uğurlu əməkdaşlıq qurmaq və yerli imkanları maksimum inkişaf etdirmək üçün 20 milyon istifadəçisi olan nüfuzlu “Web of Science” bazasına qoşulmaq imkanı əldə edəcək. V.Krişnan qeyd etdi ki, bizim üçün, AMEA ilə əməkdaşlıq Azərbaycan ilə əlaqələrimizin tarixində mühüm mərhələdir. Peşəkar dialoqumuza xüsusi əhəmiyyət veririk. AMEA və onun elmi-tədqiqat institutları ilə güclü ümumi proqram yaratmağa nail olacağımıza inanırıq.

Daha sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək AMEA ilə “Thomson Reuters” arasında əməkdaşlığın Azərbaycan elmi üçün geniş perspektivlər açdığını qeyd etdi. Akademik R.Əliquliyev gələcəkdə AMEA-nın magistrant və doktorantlarının səmərəli elmi axtarışlar aparması, innovativ elmi nəticələr əldə etməsi baxımından bu elmi bazadan faydalanmağın əhəmiyyətini diqqətə çatdırdı. Alim, həmçinin magistrantlar və fəlsəfə doktorlarının Thomson Reyters elmi bazasının yaratdığı imkanlarla tanış olması məqsədilə treyninq və kursların təşkili, o cümlədən iştirakçıların sertifikatlarla təltif olunması təklifini irəli sürdü.

Tədbirdə digər çıxış edənlər də iki qurum arasında əməkdaşlığın qurulmasını AMEA-nın beynəlxalq əlaqələrini genişləndirməsi, yeni tərəfdaşlar qazanması və növbəti uğurlara imza atması ucun mühüm addım kimi dəyərləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.