www.science.az
11.10.2016 13:18

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmməd Əmin Rəsulzadə” cildinin təqdimatı olub

Oktyabrın 11-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmməd Əmin Rəsulzadə” cildinin təqdimatı olub.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitab haqqında ətraflı məlumat verərək bildirib ki, “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq çap olunan nəşrdə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri M.Ə.Rəsulzadənin mühacirət dövrü yaradıcılığı yer alıb.

Akademik İsa Həbibbəyli ötən əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadənin yazdığı elmi-publisist əsərləri “milli düşüncə ilə elmi-siyasi qavrayışın sintezi əsasında yazılmış mükəmməl ədəbiyyatşünaslıq nümunələri” kimi yüksək dəyərləndirib. O, həmçinin 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli Azərbaycan bayrağının rəsmi olaraq dövlət rəmzi kimi qəbul edilməsinə müvəffəq olmasını, eləcə də Prezident İlham Əliyevin təşəbbüsü ilə qurulan möhtəşəm Bayraq meydanını Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” həqiqətinin yeni tarixi epoxadakı isbatı kimi qeyd edib.

AMEA-nın vitse-prezidenti hazırda “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası”ndan Ceyhun bəy Hacıbəylinin külliyyatının çapa hazırlandığını və nəşrin Azərbaycan mühacirət ədəbiyyatının inkişaf yoluna həsr olunduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlı və başqaları təqdimatı keçirilən kitabın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar, Azərbaycan mühacirət ədəbiyyatının ideya mahiyyətindən, yaradıcılıq prinsiplərindən danışıblar.

Kitabın tərtibçiləri və nəşrə hazırlayanlar N.Cabbarlı və filologiya elmləri doktoru, professor Şamil Vəliyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.