Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.10.2016 09:23
  • A-
  • A
  • A+

Gəncədə gənc alim və mütəxəssislərin beynəlxalq forumu keçirilir

Gəncədə gənc alim və mütəxəssislərin beynəlxalq forumu keçirilir

Oktyabrın 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsinə həsr olunan “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin dörd günlük beynəlxalq forumu işə başlayıb.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə AMEA-nın gənc alimləri, mütəxəssislər, bir sıra institutların və ali məktəblərin doktorantları, dissertantlar, həmçinin 14 ölkədən alim və tədqiqatçılar iştirak edir.

Əvvəlcə beynəlxalq forumun iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra Dövlət Himni səsləndirilib, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri açan Gəncə Şəhər İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva bildirib ki, Prezident İlham Əliyevin Gəncə şəhərinə diqqət və qayğısı sayəsində şəhər son illərdə qədimliyini saxlamaqla gündən-günə müasirləşir, inkişaf edir. 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilən Gəncə gələn il üçün MDB Ölkələrinin Mədəniyyət Paytaxtı tituluna layiq görülüb. Qeyd olunub ki, 2016-cı ildə olduğu kimi, gələn ildə də Gəncədə bir sıra yerli və beynəlxalq əhəmiyyətli layihələr reallaşdırılacaq, şəhərin həyatı bu cür elmi, sosial-mədəni tədbirlərlə zəngin olacaq.

Sevda Qurbanəliyeva qloballaşan dünyada elm sahəsində çalışan insanların birgə əməkdaşlığının vacibliyindən danışıb. Bu cür əməkdaşlığın bir çox problemlərin vaxtında aşkarlanaraq həll edilməsində, xalqlar arasında dostluq münasibətlərinin qurulmasında, eləcə də mədəniyyətlərarası dialoqa töhfə verə biləcəyini deyib.

Belə bir beynəlxalq əhəmiyyətli tədbirin Gəncədə keçirilməsinin şəhərin elmi-mədəni həyatı üçün müsbət əhəmiyyət daşıdığını qeyd edən Sevda Qurbanəliyeva, forumun həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından önəmli olduğunu deyib.

Sonra tədbirdə çıxış edən AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov Akademiyanın prezidenti, akademik Akif Əlizadənin forum iştirakçılarına müraciətini oxuyub.

AMEA-nın Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev çıxışında bildirib ki, son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlər əldə olunub. Akademiyanın bır sıra institutlarında yenidənqurma aparılıb. Elmi müəssisələrdə aparılan tədqiqatlar günün tələblərinə uyğun qurulub. Respublikada son illərdə çoxlu sayda müasir ali təhsil məktəbləri fəaliyyətə başlayıb. İnstitutların dünyanın qocaman elm və təhsil mərkəzləri ilə əməkdaşlığı güclənib.

Bildirilib ki, Gəncə şəhərində fəaliyyət göstərən elmi-təhsil müəssisələrində çalışanların böyük əksəriyyətini gənclər təşkil edir. Hazırda həmin müəssisələrdə 650 fəlsəfə doktoru, 80-ə yaxın elmlər doktoru fəaliyyət göstərir və onlar həm elmin müxtəlif sahələrində tədqiqat, elmi araşdırma işləri aparır, həm də tədris prosesində fəal iştirak edirlər.

Son illərdə həmin gənclərin elmi araşdırmalarının və məqalələrinin dünyanın bir sıra nüfuzlu elmi jurnallarında çap olunduğunu deyən Fuad Əliyev bildirib ki, forum yaxın gələcəkdə həm də həmin müəssisələrdə aparılacaq elmi-tədqiqat işlərinin nəticələrinə müsbət təsir göstərəcək.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov çıxış edərək deyib ki, beynəlxalq foruma dünyanın 40 ölkəsindən 530 tezislə müraciət olunub. Forumun elmi ekspertləri tərəfindən 14 ölkədən 350-yə yaxın tezis yoxlanılıb və elmi tələblərə cavab verdiyi üçün qəbul edilərək toplu şəklində nəşr olunub.

Famin Salmanov bildirib ki, forumun keçirilməsində iki məqsəd var. Birincisi dünya elminə inteqrasiya ilə bağlı gənclər arasında elmi mühit yaratmaq, ikincisi isə klassik mədəni tarixi və multikultural dəyərləri olan Azərbaycanı və qədim Gəncə şəhərini təbliğ etmək.

Qeyd olunub ki, forum çərçivəsində dünya elminə inteqrasiya prosesində Azərbaycan gənclərinin rolu və Azərbaycanda multikulturalizm ənənələri müzakirə ediləcək, həmçinin Nizami Gəncəvi irsinin dünyaya tanıdılması ilə bağlı iştirakçılara ətraflı məlumat veriləcək.

AMEA-nın Gəncə Bölməsinin Gənc alim və mütəxəssislər şurasının sədri Elnur Həsənov, Türkiyənin Doqquz Eylül Universitetinin doktorantı Çağlar Özər, Polşanın Yaqielloniya Universitetinin doktorantı Voyçex Vroblevski çıxış edərək forumun işinə uğurlar arzulayıblar.

Konfrans işini bölmə iclaslarında davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: