Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Elmin İnkişafı Fondu “HORİZON-2020” Proqramı üzrə yüksək səviyyəli ekspertlər iclası keçirəcək
10.10.2016 14:00
  • A-
  • A
  • A+

Elmin İnkişafı Fondu “HORİZON-2020” Proqramı üzrə yüksək səviyyəli ekspertlər iclası keçirəcək

Oktyabrın 13-14-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən elm, texnologiya və innovasiyalar üzrə beynəlxalq tədbir (“Workshop for the Participation of Non-EU Black Sea and EaP Countries in Thematic COFUND ERANETs & JPIs”) təşkil olunacaq. Tədbir Avropa İttifaqının tədqiqat və innovasiyalar üzrə tanınmış “HORİZON-2020” Proqramı hüdudlarında fəaliyyət göstərən “Black Sea Horizon” (BSH) və “EaP PLUS” layihələri çərçivəsində Avropa Tədqiqat Zonaları Şəbəkəsinə (ERA.NET) daxil olan qurumların, Avropa İttifaqının üzvü olmayan Qara Dəniz Hövzəsi ölkələrinin və Şərq Tərəfdaşlığı ölkələrinin təmsilçilərinin və ekspertlərinin iştirakı ilə keçiriləcək.

Tədbirin həmtəşkilatçısı Yunanıstanda fəaliyyət göstərən Regional və Beynəlxalq Elm, Texnologiya və İnnovasiyalar üzrə Araşdırmalar və Dəstək Mərkəzidir.

Qeyd edək ki, Elmin İnkişafı Fondu “Black Sea Horizon” və “EaP PLUS” layihələrinin iştirakçısıdır. Fondun səmərəli fəaliyyəti nəzərə alınmaqla, adıçəkilən yüksək səviyyəli iclasın Bakıda keçirilməsi üzrə qərar BSH layihəsinin cari ilin iyun ayında Vyanada keçirilən Baş Assambleyasında qəbul edilib. Tədbirin işində Avropadan (Avstriya, Yunanıstan, Almaniya, İtaliya, Hollandiya, Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Gürcüstan, Moldova, Türkiyə) və Azərbaycandan olan tanınmış ekspertlər iştirak edəcək.

2 gün davam edəcək iclasda Avropa İttifaqı ölkələri ilə bu İttifaqın üzvü olmayan Qara Dəniz Hövzəsi ölkələri və Şərq Tərəfdaşlığı ölkələrinin alimləri arasında elmi əməkdaşlığın perspektivləri, ERA.NET üzrə müxtəlif tədqiqat proqramları (mədəni irs, bioiqtisadiyyat, materialşünaslıq, iqlim, qlobal urban və demoqrafiya problemləri) üzrə Avropa çərçivəsində birgə həll yolları məruzə ediləcək, Şərq Tərəfdaşlığı ölkələrinin təcrübəsi haqqında məlumat veriləcək, cari vəziyyət, problemlər, uğurlar və perspektivlər müzakirə ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: