www.science.az
01.10.2013 00:00

AMEA Kimya Problemləri İnstitutunda elmi seminar keçirildi

Bu gün AMEA akad. M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunda növbəti elmi seminar keçirildi.

Tanınmış alim və mütəxəssislərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Ağadadaş Əliyev ukraynalı alim tərəfindən təqdim olunacaq mühazirə barədə ətraflı məlumat verdi. Alim bildirdi ki, 40 il öncə atmosfer azotundan azot turşusunun alınmasının yeni texnologiyası istiqamətində AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev tədqiqatlar aparmış, müəlliflik şəhadətnaməsi almışdır. Tədqiqatın nəticələri SSRİ Elmlər Akademiyasının jurnallarında nəşr olunmuşdur.

Sonra Şərqi Ukrayna Universitetinin əməkdaşı, professor İvan Zaxarov “Karavayev və Nağıyev effektləri əsasında atmosfer azotundan azot turşusunun alınmasının yeni texnologiyası” mövzusunda məruzə ilə çıxış etdi. O bildirdi ki, ak. T.Nağıyev 70-ci illərdə molekulyar azotun hidrogen peroksidlə oksidləşmə fiksasiyası sahəsində apardığı tədqiqatlar əsasında azot turşusunun alınmasının yeni texnologiyası işlənib hazırlanmışdır. Akademik T.Nağıyevin təklifi əsasında atmosfer azotu olan reaksiya sisteminə hidrogen peroksid əlavə etdikdə reaksiya məhsulları qarışığında azot oksidinin alındığı müəyyən edilmişdir. Alınan azot oksidindən isə asanlıqla azot turşusunun alındığını söyləyən İ.Zaxarov ammonyak üsulundan fərqli təklif olunan bu üsulun texnoloji cəhətdən sadə bir proses, ekoloji cəhətdən isə əlverişli olduğunu qeyd etdi: “Bu prosesin ilk dəfə ak.T.Nağıyev tərəfindən təklif edildiyi üçün Ukrayna alimləri ona “akademik Tofiq Nağıyevin effekti” adını vermişlər”.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı. AMEA-nın müxbir üzvü Akif Əzizov, professor Etibar İsmayılov, kimya elmləri doktorları Arif Əfəndiyev və Hikmət İbrahimov mövzu ilə bağlı suallarla çıxış etdilər.

Sonda çıxış edən akademik Tofiq Nağıyev dəyərli rəy və təkliflərini səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.