Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.10.2016 13:37
  • A-
  • A
  • A+

Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib

Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib

Oktyabrın 6-da AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib. 

Əvvəlcə tədbir iştirakçıları şairin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Səməd Vurğunun həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, əsərlərinin əhəmiyyətindən və yüksək bədii sənətkarlıq xüsusiyyətlərindən danışıb. Bildirilib ki, tədbirin məqsədi görkəmli ədibin Azərbaycan ədəbiyyatına böyük xidmətlərini, əsərlərinin bədii-fəlsəfi mahiyyətini bir daha dəyərləndirmək, onun yaradıcılığını yeni elmi meyarlar əsasında tədqiqini istiqamətləndirmək, poeziyasının indiyədək araşdırmalardan kənar qalan problemlərini müzakirə etməkdir.

Ədəbiyyat İnstitutunun XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor Şirindil Alışanlı “Səməd Vurğun sənəti müasir ədəbi-ictimai reallıqlar kontekstində” mövzusunda məruzəsində şairin yaradıcılığını müasir elmi prinsiplər əsasında şərh edib. Bildirilib ki, görkəmli şair Səməd Vurğun yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq və təkrarsız səhifələrindən birini təşkil edir. Müasir Azərbaycan dilinin və ədəbiyyatının zənginləşməsində böyük rol oynamış sənətkarın bədii irsi mədəniyyətimizin inkişafında bütövlükdə yeni mərhələ olmuşdur. Onun ölməz əsərləri Azərbaycan ədəbiyyatına layiqli töhfələr vermişdir. 

Daha sonra  Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Aslan Salmanov “Tənqidin Səməd Vurğun hədəfi” adlı məruzə ilə çıxış edərək, ədəbi tənqiddə Səməd Vurğun yaradıcılığının qiymətləndirilməsi məsələlərinə aydınlıq gətirib.

“Səməd Vurğun və teatr” mövzusunda məruzəsini təqdim edən professor İlham Rəhimli şairin dramaturgiyasının səhnə taleyi barədə məlumat verib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, fil.e.d. İsmayıl Məmmədov “Səməd Vurğunun dili” mövzusunda məruzəsində şairin şeir dilindəki özünəməxsusluqları müasir dilçilik elminin prinsipləri əsasında açıqlayıb.

Tədbirdə digər çıxış edənlər də S.Vurğunun çoxcəhətli yaradıcılığından danışıb, sessiyanın əhəmiyyətini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: