Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

03.10.2016 13:39
  • A-
  • A
  • A+

“Türk dünyası: Sibirdən Balkanlara” adlı etno fotosərgisinin açılışı keçirilib

“Türk dünyası: Sibirdən Balkanlara” adlı etno fotosərgisinin açılışı keçirilib

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) tanınmış türkoloq alim Güllü Yoloğlunun “Türk dünyası: Sibirdən Balkanlara” adlı etno fotosərgisinin açılış mərasimi keçirilib.

Tədbirdə kitabxananın Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü türk dövlət başçılarının imzası ilə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılmasının əhəmiyyətindən söz açıb, MEK-in ictimai və elmi əhəmiyyət kəsb edən bu cür tədbirlərə daim dəstək verdiyini söyləyib.

2009-cu ildə Naxçıvanda türk dövlət başçılarının Türk Konseyinin yaradılması ilə bağlı imzaladığı sərəncama əsasən hər il 3 oktyabr tarixinin Türk Dövlətlərinin Birliyi Günü kimi qeyd olunduğunu xatırladan M.Göyüşlü sərginin həm də sözügedən tarixi hadisəyə həsr olunduğunu bildirib.

Sonra çıxış edən türkoloq Güllü Yoloğlu sərgi haqqında ətraflı məlumat verib. O, sərgidə Türkiyə, Qazaxıstan, Rusiya, İraq, Moldova, Rumıniya, Makedoniya, İran, Özbəkistan və digər ölkələrdə apardığı araşdırmaları zamanı türk xalqlarının adət-ənənələrini, həyat tərzini, mədəniyyətini əks etdirən 60 fotoşəkilin nümayiş etdirildiyini diqqətə çatdırıb.

Tədbirdə Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka, Bakı Dövlət Universitetinin dosenti Vüqar Zifəroğlu, AMEA Fizika İnstitutunun əməkdaşı Yusif Əfşar, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, filosof Asif Bayramov və başqaları fotosərginin əhəmiyyətindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: