Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Cənubi Afrika Respublikası ilə Azərbaycan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
30.09.2016 23:37
  • A-
  • A
  • A+

Cənubi Afrika Respublikası ilə Azərbaycan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Sentyabrın 30-da Milli Məclisin elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cənubi Afrika Respublikası parlamentinin ibtidai təhsil komitəsinin sədri Nomalungela Gina ilə görüşüb.

Akademik İsa Həbibbəyli ölkəmizdə elm və təhsil sahəsində əldə olunan uğurlardan, aparılan islahatlardan danışıb. Rəhbərlik etdiyi komitənin işindən, Milli Məclisdə təhsil sahəsini əhatə edən hüquqi aktların qəbulundan, yeni “Təhsil haqqında”, “Elm haqqında” qanunların hazırlanmasından danışan akademik İ.Həbibbəyli bildirib ki, Azərbaycanın təhsil sistemi güclü potensiala malikdir. Ölkə əhalisi 100 faiz orta təhsillidir. Azərbaycanda 50-dən artıq ali məktəb fəaliyyət göstərir.

Güclü elmi potensiala malik Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətindən söz açan akademik hazırda ölkədə 10 mindən artıq elmlər doktorunun, elmlər namizədinin, professorun və dosentin elmi-pedaqoji işlə məşğul olduğunu bildirib.

Görüşdə iştirak edən Mili Məclisin deputatı, Cənubi Afrika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rasim Musabəyov parlamentarilər arasında qarşılıqlı münasibətlərin genişləndirilməsinin zəruriliyindən danışıb.

Cənubi Afrika Respublikası Parlamentinin ibtidai təhsil komitəsinin sədri Nomalungela Gina səmimi görüşə və ətraflı məlumata görə təşəkkürünü bildirib. Qonaq V Bakı Beynəlxalq Humanitar Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını yüksək qiymətləndirib. O, qeyd edib ki, Azərbaycan Prezidenti çıxışında multikultural dəyərlərə, təhsil sahəsinin inkişafına böyük əhəmiyyət verildiyini diqqət çatdırıb.

Görüşdə Milli Məclisin deputatı Sona Əliyeva və digər rəsmi şəxslər iştirak ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: