www.science.az
30.09.2016 16:49

Akademik Məhəmməd Mehdiyevin 75 yaşı tamam olur

Oktyabrın 2-də tanınmış alim, Əməkdar elm xadimi, Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi, akademik Məhəmməd Fərman oğlu Mehdiyevin 75 yaşı tamam olur.

Məhəmməd Mehdiyev 1941-ci ildə Azərbaycanın Laçın rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1961-ci ildə Vağazin kənd orta məktəbini bitirdikdən sonra, Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1970-ci ildə təyinatla AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

1975-ci ildə Rostov Dövlət Universitetində “Konik örtük və dəyişən qalınlıqlı dairəvi lövhə üçün üçölçülü gərginlik- deformasiya vəziyyətin asimptotik təhlili” mövzusunda namizədlik,  1989-cu ildə Leninqrad Dövlət Universitetində “Örtüklər üçün elastikiyyət nəzəriyyəsinin bəzi fəza məsələlərinin asimptotik təhlili” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

1976-cı ildə Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi vəzifəsində çalışmış, 1978-ci ildə institutun Nazik divarlı konstruksiyalar şöbəsinə rəhbər təyin edilmişdir. 1985-1991-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunun nəzdində Xüsusi Konstruktor Bürosunda elmi işlər üzrə direktor müavini, 1991-2002-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat kafedrasının professoru olmuşdur. 2002-ci ildən Bakı Dövlət Universitetinin Tətbiqi analizin riyazi üsulları kafedrasının müdiri, 2008-ci ildən isə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı vəzifələrində çalışır.

M.Mehdiyev deformasiyalanan bərk cism mexanikası sahəsində görkəmli mütəxəssisdir. Onun tərəfindən elastikiyyət nəzəriyyəsində yeni “bircins həllər” metodu işlənib hazırlanmış, həmin metodun köməyi ilə  örtük və lövhələr üçün elastikiyyət nəzəriyyəsinin üçölçülü  məsələsindən ikiölçülü məsələyə keçid problemi öyrənilmiş, örtük və lövhələrin ümumi riyazi nəzəriyyəsi yaradılmış, bu dəqiq münasibətlər əsasında örtük və lövhələrin klassik nəzəriyyəsinin tətbiq olunma oblastı müəyyən olunmuşdur.

Alim tərəfindən örtük və lövhələrin klassik nəzəriyyəsinə nəzərən daha dəqiq olan örtük və  lövhələrin yeni tətbiqi nəzəriyyəsi verilmişdir. Deformasiyaların bərk cism mexanikası sahəsində aldığı fundamental nəticələrlə yanaşı, M.Mehdiyev tərəfindən verilmiş “bircins həllər” metodu diferensial operatorların spektral nəzəriyyəsinə, diferensial tənliklərin asimptotik inteqrallama metoduna ciddi yenilikdir.

Son illərdə akademik və onun tələbələri tərəfindən anizotropik örtüklərin ümumi nəzəriyyəsi yaradılmış və onun əsasında mövcud texniki nəzəriyyələrin tətbiq olunma oblastları müəyyən edilmişdir.

M.Mehdiyev 2007-ci ildən Bakı Dövlət Universitetinin nəzdində Dissertasiya Şurasının sədri, AMEA-nın "Xəbərləri" (mexanika buraxılışı) jurnalının redaksiya heyətinin üzvü və Bakı Dövlət Universitetinin "Xəbərləri" (fizika-riyaziyyat seriyası) jurnalının baş redaktorunun müavinidir.

Akademikin rəhbərliyi ilə 20 elmlər namizədi, 2 elmlər doktoru hazırlanmışdır.  

O, 100-dən artıq elmi əsərin, o cümlədən 2 monoqrafiya, 1 dərslik və 5 dərs vəsaitinin müəllifidir.

M.Mehdiyev Amerika Bioqrafiya İnstitutu tərəfindən 2003-cü ilin adamı hesab olunmuş, 2004-cü ildə həmin institut tərəfindən elm və bəşəriyyət qarşısında xidmətlərinə görə qızıl medala layiq görülmüşdür.

2013-cü ildə Kembric Universitetinin “Fəxri doktoru” seçilmiş, Avropa Şurasının “Elm və sənaye” palatası tərəfindən riyaziyyat və mexanika elminə verdiyi fundamental töhfələrə görə qızıl medalla təltif olunmuşdur.                   

Alimin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. O, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülmüşdür.

Tanınmış elm mücahidini 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və riyaziyyat elminin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.