www.science.az
31.01.2014 00:00

Tarixi Muzeyi tərəfindən ötən il nəşr olunmuş kitabların təqdimatı keçirildi

AMEA Milli Azərbaycan Tarixi Muzeyində muzey tərəfindən 2013-cü ildə nəşr olunmuş kitabların təqdimat mərasimi keçirildi.

Təqdimatda respublikanın tanınmış muzeyşünasları, muzey əməkdaşları, tarixçilər, arxeoloq və etnoqraflar, restavrasiya üzrə mütəxəssislər və kitab satışı üzrə mərkəz rəhbərləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı görüşün hesabat xarakteri daşıdığını vurğuladı: “Geniş tamaşaçı kütləsini özünə cəlb edən Muzey tərəfindən il boyu nümayiş olunan sərgilər daim diqqət mərkəzindədir. Muzeyin başlıca məqsədlərindən biri də muzey eksponatlarının, milli irsin, mənəvi dəyərlərin təbliğidir”. N.Vəlixanlı, bu il artıq 17 kitabın nəşr olduğunu diqqətə çatdırdı. Bildirdi ki, 2000-ci ildən başlayaraq muzeyin əməkdaşlarının hər il 20-ə yaxın elmi əsəri dərc olunur.

Tədbirdə nəşrlərə aid “Kitablar özü danışır” adlı slayd-kataloq nümayiş etdirildi.

Sonra muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva kataloqla bağlı geniş məlumat verdi. “Milli Azərbaycan Tarixi Muzeyi 17 nəşrini təqdimata çıxarır” məruzəsi ilə çıxış edən N.Əliyeva təqdim olunan kitablar arasında 50-dək konfrans materialının çap olunduğunu qeyd etdi. Bildirdi ki, bu gün təqdim olunan nəşrlərin yarısı kataloqlar, digər qismi isə elmi əsərlər, monoqrafiyalar və toplulardır. Çap olunan elmi məqalələr əsasən muzeyin materiallarına əsaslanır, toplanılan eksponatların xüsusiyyətlərini, əməkdaşların elmi fəaliyyətini əks etdirir.

Sərgidə “В.Самедов. Каспийский Нефтеналивной флот (1874-1917)”, “Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında”, “Milli Azərbaycan Tarixi Muzeyi -2013”, “Nəsib bəy Yusifbəyli - milli istiqlal və dövlətçilik mücahidi”, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” III Respublika elmi konfransının materialları, Milli Azərbaycan Tarixi Muzeyinin “Nadir kitablar fondu”nun biblioqrafik göstəricisi (1728-1860) I cild, “Əziz Əliyev”, “Qarabağ Xalçaları”, “Bakı, Şirvan, Quba xalçaları”, “Azərbaycan süfrəsinin mis qabları”, “Azərbaycanda kağız pul nişanları və qiymətli kağızlar”, “Bakının teatr həyatı”, “Azərbaycanın Arxeoloji Qızıl və Gümüş Əşyaları” və s. monoqrafiyalar, kitab və məqalələr toplusu, kataloqlar nümayiş olundu.

Mövzu ilə bağlı mövqeyini bildirən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Elmi fond işləri üzrə direktor müavini, baş mühafiz, t.ü.f.d. Məhfuzə Zeynalova, azərbaycanlı aktyorlar, “Bakılı oğlanlar” ŞHK üzvü Tahir İmanov, Bəhram Bağırzadə və başqaları muzey əməkdaşlarını təbrik edərək onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.