www.science.az
28.01.2014 00:00

“Tuti Bikə” mükafatı yeni sahibinə təqdim edilib

AMEA Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Roza Eyvazova gənc alimlərin yetişdirilməsində, vətən və xalq qarşısında əvəzsiz xidmətlərinə və elmin inkişafına verdiyi töhfələrə görə “Tuti Bikə” mükafatına layiq görülüb.

Yanvarın 24-də AMEA Dilçilik İnstitutunda mükafatın təqdimat mərasimi keçirilib.

Yazıçılar Birliyindən nümayəndələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev

Roza Eyvazovanın yaradıcılığını yüksək dəyərləndirib.

Tədbirdə öz poeziyasından həmkarlarına nümunələr təqdim edən Roza Eyvazovanın şeirləri xüsusi maraqla qarşılanıb və dinləyicilərin rəğbətini qazanıb.

Tədbirdə qeyd olunub ki, Roza Eyvazova 1937-ci il aprelin 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1959-cu ildə oranı Azərbaycan dili və İran filologiyası ixtisası üzrə bitirmişdir.

1967-ci ildən AMEA Dilçilik İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri vəzifələrində işləmiş R.Eyvazova hazırda baş elmi işçi vəzifəsində çalışır.

1996-cı ildən filologiya elmləri doktoru olan R.Eyvazova 150-dən çox əsərin, o cümlədən monoqrafiya, kitab və məqalələrin müəllifidir.

Uzun illər səmərəli əmək fəaliyyətinə görə 1988-ci ildə “Əmək veteranı” medalı ilə, Azərbaycanda dilçilik elminin inkişafında xidmətlərinə görə və anadan olmasının 70 illiyi və 75 illiyi ilə əlaqədar 2008-ci və 2012-ci illərdə AMEA-nın Fəxri Fərmanları ilə, 2012-ci ildə elm və mədəniyyət sahəsindəki layiqli xidmətlərinə görə Almaniyada Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyəti İnstitutu tərəfindən fəxri fərmanla təltif edilmişdir.

Mükafatı laureata “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” ictimai birliyinin sədri Nüşabə Məmmədli təqdim edib. O, Roza Eyvazovanın gəncliyə örnək olan həyat yolundan, vətənə, millətə, xalqa sədaqətlə xidmətindən bəhs edərək, belə şərəfli ömrün sahibi olan Azərbaycan qadınlarının ən yüksək mükafatlara layiq olduqlarını xüsusi vurğulayıb.

İnstitutun direktor müavini, filologiya üzrə elmlər doktoru Məhəbbət Mirzəliyeva, şöbə müdiri professor İsmayıl Məmmədli, Gənc Alimlər Şurasının sədri dosent Sevinc Əliyeva və başqaları öz çıxışlarında Roza Eyvazovanın yüksək ixtisaslı kadrların yetişdirilməsində, türkologiya və şərqşünaslıq elminin inkişafında böyük xidmətlərini qeyd edərək, alimin elmi və bədii yaradıcılığını yüksək qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.