www.science.az
20.09.2016 14:27

“Şərq Tərəfdaşlığı ölkələrinin I Elektron infrastruktur konfrans”ı keçiriləcək

Akademik Rasim Əliquliyev “EaPEC 2016” konfransında plenar məuzə ilə çıxış edəcək.

6-7 oktyabr 2016-cı il tarixlərdə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Şərq Tərəfdaşlığı ölkələrinin I Elektron infrastruktur konfrans”ı (1st Eastern Partnership E-Infrastructure Conference - EaPEC 2016) keçiriləcək. AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev EaPEC 2016-da ölkəmizi təmsil edəcək. Alim tədbirdə “Azərbaycanda elektron-elm: mövcud vəziyyət, imkanlar və perspektivlər” mövzusunda plenar məruzə ilə çıxış edəcək. R.Əliquliyevin, “Şərq tərəfdaşlığı üçün açıq elm və elektron-infrastruktur sahəsində imkanlar və problemlər” adlı paneldə də iştirakı nəzərdə tutulur.

“EaPEC 2016” Şərq tərəfdaşlığı regionu və Avropa Birliyinə üzv ölkələr arasında elektron infrastrukturların inkişafına dəstək verilməsini nəzərdə tutan çoxtərəfli əməkdaşlıq platformasıdır. Tədbirdə dünyanın müxtəlif ölkələrindən e-elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssislərin iştirakı gözlənilir.

Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutu Avropa Komissiyasının maliyələşdirdiyi və Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect: Eastern Partnership Connect” layihəsinin iştirakçılarından biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.