Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fransa alimi Arxeologiya və Etnoqrafiya İnstitutunda təqdimatla çıxış edib
20.09.2016 14:20
  • A-
  • A
  • A+

Fransa alimi Arxeologiya və Etnoqrafiya İnstitutunda təqdimatla çıxış edib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Fransa Elmi Araşdırmaların Milli Mərkəzinin “Qədim Şərqin erkən mədəniyyətləri” departamentinin arxeologiya bölümünün aparıcı elmi əməkdaşı, arxeoloq Culio Palumbinin “Arslantəpə və Kür–Araz arxeoloji mədəniyyətinin yayılması” mövzusunda təqdimatı olub.

Tədbirdə C.Palumbi Azərbaycanda olduğu müddətdə bir sıra neolit, xalkolit və erkən tunc dövrü abidələri ilə tanışlıq üçün yaradılan şəraitə görə Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib.

Təqdimatda əsasən Türkiyə ərazisində yerləşən və eramızdan əvvəl V minillikdən Roma imperiyası dövrünədək tarixi mərhələləri əhatə edən çoxtəbəqəli Arslantəpə arxeoloji abidəsi barədə ümumi məlumat verilib.

Sonra C.Palumbi Ubeyd, Uruk və Kür–Araz arxeoloji mədəniyyətlərinə aid Arslantəpənin iki təbəqəsinin (VI A və VI B1, eramızdan əvvəl 3350 – 2900-cu illər) xüsusiyyətləri və mədəniyyətlər arasında əsas fərqləri vurğulayıb, mədəniyyətlərin inkişafı, yayılması və bir-birini əvəzləməsi barədə mülahizələri ilə azərbaycanlı həmkarlarını tanış edib.

Vizual təsvirlərlə müşayiət olunan təqdimatdan sonra azərbaycanlı arxeoloqlar C.Palumbi ilə mövzu ətrafında müzakirələr aparıb, fikir və mülahizələrini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: