Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.09.2016 13:59
  • A-
  • A
  • A+

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri sentyabrın 19-da II Fəxri Xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyublar.

Şərqşünaslıq İnstitutunun direktoru, AMEA müxbir üzvü Gövhər Baxşəliyeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək 24 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi həyat yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən danışıblar. G.Baxşəliyeva Aida xanımın həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir ana kimi Azərbaycan qadınına örnək ömür yaşadığını qeyd ediblər.

Aida xanımın müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açdığını söyləyən G.Baxşəliyeva onun yeni bir məktəbin əsasını qoyduğunu bildirib. Böyük alimin qoyduğu zəngin elmi irslə yanaşı, elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açan G.Baxşəliyeva onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini vurğulayıb.

G.Baxşəliyeva Aida İmanquliyevanın itkisinin bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: