www.science.az
05.10.2013 00:00

Gənclər üçün Prezident Mükafatının təsis edilməsi kadr hazırlığı siyasətinin uğurla reallaşdırılmasına stimul yaradır

Azərbaycanda müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesi uğurla həyata keçirilir. Gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir.  

Milli Elmlər Akademiyasında Azərbaycan elminin gələcəyi olan innovativ təfəkkürlü kadrların hazırlanması, onların dünyanın qabaqcıl elmi mərkəzlərinə doktorantura təhsilinə göndərilməsi, o cümlədən gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülür, layihələr həyata keçirilir.    

  Məlum olduğu kimi, cari ilin iyul ayının 2-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi, Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində nailiyyətlərini təşviq etmək məqsədi ilə Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında Fərman imzalayıb. Belə bir mükafatın təsis olunması ümumilikdə gənclərin, o cümlədən AMEA-da çalışan gənc tədqiqatçıların potensialının reallaşdırılmasına stimul yaradır.      

 Bu Fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində AMEA Rəyasət Heyəti Sərəncam vermişdir. Sərəncama əsasən, AMEA-nın elmi-tədqiqat müəssisələri elmdə əldə etdikləri yüksək nailiyyətləri ilə fərqlənən gənc alimlərin namizədliyini 20 oktyabr 2013-cü il tarixinədək AMEA Rəyasət Heyətinə təqdim etməlidir.    

 Yüksəkixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik kadrların yetişdirilməsi istiqamətində məqsədyönlü işlər aparan AMEA İnformasiya Texnologiyaları İnstitutundan Gənclər üçün Prezident Mükafatına 5 gənc alim və mütəxəssisin namizədliyi irəli sürülüb. Həmin namizədlər institutun Doktorantura şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev, texnika üzrə fəlsəfə doktoru Fədai Gəncəliyev, institutun sektor müdiri Nigar İsmayılova və institutun elmi işçisi Rəhilə Həsənovadır.   

  © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.