www.science.az
15.09.2016 15:34

Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabı gürcü dilində çapdan çıxıb

Tiflisdə “Universal” nəşriyyatı tərəfindən Azərbaycan tənqidi realizminin yaradıcısı Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabı gürcü dilində çapdan çıxıb. Kitab yazıçının görkəmli tədqiqatçılarından biri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin layihəsi əsasında işıq üzü görüb.  

Məlumdur ki, akademik İsa Həbibbəyli tərəfindən uzun illərdir Cəlil Məmmədquluzadənin hekayələri dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunur və bununla böyük klassikin əsərlərinin dünyada tanıdılmasına geniş imkan yaradılır. Bu layihə əsasında Cəlil Məmmədquluzadənin hekayələri artıq Misir Ərəb Respublikasında, Macarıstanda və Pakistanda nəşr edilib. Yazıçının "Poçt qutusu" hekayələr kitabının İsa Həbibbəylinin ideya müəllifliyi və ön sözü ilə Tiflisdə nəşr olunması ədəbi mühitdə mühüm hadisədir.

Gürcü oxucuları həyatının böyük bir dövrü Tiflisdə keçən və "Poçt qutusu" hekayəsini ilk dəfə burada "Şərqi Rus" qəzetində çap etdirən ədibin hekayələri ilə tanış olmamışdı. Cəlil Məmmədquluzadənin hekayələr kitabı ilk dəfədir ki, gürcü dilində toplu halında nəşr olunur.

Qeyd edək ki, yazıçının “Poçt qutusu” adlı hekayəsi ilk dəfə görkəmli ədəbiyyatşünas alim Əziz Şərif tərəfindən gürcü dilinə çevrilərək 1934-cü ildə “Türk ədəbiyyatı” toplusunda yer alıb. 1968-ci ildə isə Tiflis Dövlət Universitetinin nəşr etdiyi, Azərbaycanın şair və yazıçılarının əsərlərindən nümunələrin verildiyi ədəbiyyat müntəxəbatına Cəlil Məmmədquluzadənin yenə “Poçt qutusu” və “Saqqallı uşaq” hekayələri salınıb. “Poçt qutusu”nu Leyla Eradze, “Saqqallı uşaq” hekayəsini isə Nodar Canaşiya tərcümə ediblər. Nəşrə Əziz Şərifin vaxtilə yazdığı ön sözün Cəlil Məmmədquluzadəyə aid olan hissəsi də daxil edilib.

Kitab Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə işıq üzü görüb. Burada ədibin gürcü dilində 13 hekayəsi özünə yer alıb. Cəlil Məmmədquluzadənin Tiflisdə çıxan “Poçt qutusu” hekayələr kitabında görkəmli yazıçının “Poçt qutusu”, “Qurbanəli bəy”, “Nigarançılıq”, “İranda hürriyyət”, “Quzu”, “Konsulun arvadı”, “Rus qızı” və s. hekayələri toplanıb. Bundan başqa, kitabda görkəmli yazıçının həyat və yaradıcılığına, ailə üzvələrinə və “Molla Nəsrəddin” jurnalına aid şəkillər, əsərlərinə çəkilmiş illüstrasiyalar da yer alıb. İllüstrasiyaların əsas müəllifi məşhur alman rəssamı Oskar İvanoviç Şmerlinqdir.

Kitabın redaktoru Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratianidir. Nəşriyyat redaktorları  məşhur gürcü yazıcısı Nariman Yaşağaşvili (Naro Kolxeli) və Mirzə Məmmədoğludur.

Hekayələri Gürcüstan və Azərbaycan dövri mətbuatında əsərləri çap olunan Almaz Mirzəoğlu tərcümə edib. 

Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr  kitabının Tiflisdə gürcü dilində nəşr edilməsi Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin parlaq nümunəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.