www.science.az
14.09.2016 14:21

“Mifoloji xaos: strukturu və poetikası” adlı monoqrafiya nəşr olunub

AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayevin “Mifoloji xaos: strukturu və poetikası” monoqrafiyası çapdan çıxıb.

“Elm və təhsil” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunan monoqrafiyanın elmi redaktoru və “Ön söz”ün müəllifi Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu, rəyçiləri filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy, filologiya üzrə elmlər doktoru Ramil Əliyev və filologiya üzrə fəlsəfə doktoru Kamalə İslamzadədir.

Monoqrafiyada Azərbaycan folklorunda mifoloji xaosun semantik strukturu və poetikası müasir nəzəri-metodoloji yanaşmalar əsasında araşdırılıb. Tədqiqatda mifoloji xaos və onun kosmoqonik paradiqmaları, mifologiyada xaos semantemi və onun təzahür səviyyələri, folklor yaradıcılığında meydana çıxan mifik-metoforik simvolları müəyyənləşdirilib, həmçinin xaos və kosmosun bir-biri ilə qarşılıqlı müqayisədə spesifik xüsusiyyətləri milli folklor mətnlərinin təhlili əsasında aydınlaşdırılıb.

Bu tədqiqat işinə qədər Azərbaycan folkloru əsasında xaos probleminin monoqrafik səviyyədə öyrənilməsi təcrübəsinə rast gəlinmir. Müxtəlif səviyyələrdə aparılan tədqiqatlarda yeraltı dünya məsələsinə diqqət yetirilsə də, bu tədqiqat işini xaos probleminin hərtərəfli və sistemli şəkildə öyrənilməsi baxımından bizdə ilk təcrübə hesab etmək olar. Xaos probleminin tədqiqata cəlb olunması folklor obrazlarının mənşəyinin, bu obrazların özünü reallaşdırma imkanlarının daha dərindən araşdırılmasına imkan verir, mifoloji təfəkkürün mədəniyyətdə əks olunmuş transformasiyalarının diqqət mərkəzində saxlanmasına şərait yaradır. Monoqrafiyada təqdirəlayiq cəhətlərdən biri də müəllifin problemə məna axtarışı – semantik struktur prizmasından yanaşması və xaos semantemi ilə bağlı olan məsələləri geniş bir müstəvidə araşdırmaya cəlb etməsidir.

Yeni nəşr ali məktəb müəllimləri və tələbələr, mütəxəssislər, həmçinin folklor mövzuları ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.