www.science.az
14.09.2016 09:53

AMEA-nın magistraturasına ən çox müraciət İnformasiya Texnologiyaları İnstitutunda qeydə alınıb

Məlum olduğu kimi, ölkədə elm və təhsilin inteqrasiyası əsasında yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi önəm verilir. AMEA-nın magistraturasına qəbulun həyata keçirilməsi də bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdəndir.

Cari ildə yüksək biliyə malik və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq həvəsi olan bakalavrların seçilməsi məqsədilə 2016/2017-ci tədris ili üçün AMEA-nın magistraturasına müsahibə keçirilmiş, müsahibədə AMEA-nın 21 institutu üzrə 611 nəfər iştirak etmiş, 56 nəfər qəbul olunmuşdur. Ən çox müraciət isə AMEA İnformasiya Texnologiyaları İnstitutunda (84 nəfər) qeydə alınmışdır. Beləliklə, İnformasiya Texnologiyaları İnstitutunun magistraturasına 1 plan yerinə ərizə verənlərin orta sayı 28 nəfər olmuşdur. Bu, akademiya üzrə ən yüksək göstərici hesab olunur.

İnformasiya Texnologiyaları İnstitutuna 2016/2017-ci tədris ili üçün keçirilmiş müsabiqədə “249178 – Kompüter mühəndisliyi”, “249186 – İnformasiya mühafizəsi və təhlükəsizliyi”, “249161 – Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisasları üzrə 3 yer ayrılmışdır. Bakı Dövlət Universitetinin tələbələri Əmirxanlı Cabir, Elşən Bağırov və Şəlalə Mansurova qeyd olunan ixtisaslar üzrə magistrant adını qazanmışlar.

Bununla yanaşı, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində informatika, ingilis dili, psixologiya, pedaqogika kimi ümumi fənlər üzrə nəzəri və praktiki dərslər tədris olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.