www.science.az
08.09.2016 16:59

Akademik İsa Həbibbəylinin məqaləsi Özbəkistanın “Kitab dünyası” qəzetində dərc olunub

Özbəkistan Respublikasında çıxan “Kitab dünyası” qəzetinin 27 iyul 2016-cı il tarixli nömrəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Dünya ədəbiyyatı üçün əhəmiyyətli iş” adlı məqaləsi çap olunub.

Qəzetin 1 və 2-ci səhifələrində “Ədəbiyyat dostluğu - əbədi dostluq” rubrikası ilə çap etdiyi bu geniş həcmli məqalədə Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi ənənələrindən, böyük örnəklərindən bəhs edilir. Eyni zamanda, məqalə müəllifi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvinin ədəbiyyatlarımız arasındakı əlaqələrimizin inkişaf yolunun, ayrı-ayrı görkəmli ədəbi şəxsiyyətlərinin araşdırılıb öyrənilməsi, Azərbaycanda çap edilib yayılması sahəsindəki səmərəli fəaliyyətindən də söz açır. Məqalədə, həmçinin Almaz Ülvinin Ədəbiyyat İnstitutunun 2016-cı ildə nəşr etdirdiyi “Özbək ədəbiyyatı” da qardaş ölkənin ədəbi-elmi ictimaiyyətinə və oxucularına təqdim olunur.

Məqalədə Azərbaycan-özbək ədəbi əlaqələrinin çoxəsrlik əlaqələri olduğu kimi, müstəqillik illərində yeni və geniş imkanlar qazandığı və yeni tarixi mərhələdə daha sanballı tədqiqat əsərlərinin yazılmasına ciddi ehtiyac olduğu nəzərə çatdırılır.

Akademik İsa Həbibbəylinin “Kitab dünyası” qəzetinin birinci və ikinci səhifələrində çap olunan “Dünya ədəbiyyatı üçün əhəmiyyətli iş” məqaləsini özbək dilinə Obid Şofiyev tərcümə edib.

Çap edilən məqalə Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələrinin müasir dövrdəki əhəmiyyətli bir göstəricisidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.