Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.09.2016 14:07
  • A-
  • A
  • A+

II Xüsusi şöbədə növbəti seminar-məşğələ keçirilib

II Xüsusi şöbədə növbəti seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi, AMEA-nın elmi müəssisə və təşkilatlarının MM qərargah rəisləri iştirak ediblər.

II Xüsusi şöbənin rəisi Eldar Quliyev tədbiri giriş sözü ilə açaraq, gündəlikdə duran məsələlər barədə məlumat verib. E.Quliyev AMEA-nın elmi müəssisə və təşkilatlarının MM qərargah rəislərinin baş verə biləcək fövqəladə hallarla bağlı mütəmadi məlumatlandırıldığını və bu istiqamətdə aparılan işlərin aktuallığını diqqətə çatdırıb. Şöbə rəisi bildirib ki, məşğələlərin əsas məqsədi əməkdaşların maarifləndirilməsi, təbii fəlakət hadisələri zamanı davranış qaydalarının öyrənilməsidir.

Eldar Quliyev Fövqəladə Hallar Nazirliyinin 11 il ərzində gördüyü işlərdən danışaraq, qurumun fövqəladə hallara qarşı mübarizədə öz işini müasir dövrün tələblərinə uyğun qurduğunu deyib.

Sonra Fövqəladə Hallar Nazirliyinin MM Qoşunlarının Mülki Müdafiə İdarəsinin rəis müavini polkovnik Qüdrət Ağayev FHN tərəfindən əhalinin həyat və iş fəaliyyətinin təhlükəsizliyi naminə görülən əməli və praktiki tədbirlər barədə məlumat verib. Mülki Müdafiə Qoşunlarının qarşısında duran vəzifələrdən, FHN-in struktur bölmələrinin fəaliyyətindən danışan polkovnik Qüdrət Ağayev nazirliyin fövqəladə hallar zamanı aparılan təxirəsalınmaz tədbirləri haqqında, sellər, daşqınlar, zəlzələlərin yaratdığı ağır fəsadların nəticələrinin aradan qaldırılmasında FHN rəhbərliyinin, əməkdaşlarının 24 saat ərzində apardığı işlərdən söhbət açıb. 

Qeyd edilib ki, nazirliyin strukturuna “Yanğına Nəzarət Xidməti”, “Mülki Müdafiə Qoşunları”, “Dövlət Material Ehtiyatları Agentliyi”, “Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi” və digər xidmətlər daxildir. 

Məşğələnin sonunda sentyabr ayında AMEA-nın elmi müəssisə və təşkilatlarında keçirilən Rəhbər Heyətin MM məşqlərinin vəziyyəti, MM üzrə tədrisin keyfiyyətinin təkmilləşdirilməsi, MM planına uyğun olaraq vaxtında və səmərəli təşkilinə dair lazımi tövsiyələr verilib. Həmçinin elmi müəssisə və təşkilatlarda hərbi uçot və bronetmə işlərinin vəziyyəti, bu sahədə çalışan işçilərə hesabatların (Forma N6) hazırlanması qaydalarının təkmilləşdirilib, daha düzgün tərtib edilməsi haqqında göstərişlər verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: