Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Adilə Namazovanın 90 yaşı tamam olur
08.09.2016 09:11
  • A-
  • A
  • A+

Akademik Adilə Namazovanın 90 yaşı tamam olur

Respublikanın görkəmli alimi, məşhur pediatr, ictimai xadim, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, akademik Adilə Namazovanın 90 yaşı tamam olur.

Adilə Namazova 1926-cı il sentyabrın 9-da Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. 1949-cu ildə Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Moskva şəhəri Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının aspirantı kimi fəaliyyət göstərmiş və 1959-cu ildə orada namizədlik, 1965-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1967-ci ildə professor elmi adını almışdır. 1965-ci ildən indiyə kimi Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışır.

Akademik A.Namazova pediatriya sahəsində beynəlxalq aləmdə tanınmış görkəmli alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini uşaqlarda kəskin revmatizm zamanı ürək-qan damar sisteminin funksional vəziyyətinin öyrənilməsi, anadangəlmə ürək qüsurlarının diaqnostikası, differensial diaqnozu, belə qüsurlar zamanı cərrahi əməliyyata göstəriş və əksgöstərişin müəyyənləşdirilməsi problemləri, uşaqlarda hipertoniya və hipotoniya xəstəliklərinin epidemiologiyasının, kliniki əlamətlərinin xüsusiyyətlərinin, təzahür formalarının, profilaktika və müalicə üsullarının işlənib hazırlanması və səhiyyə praktikasına tətbiqi təşkil edir.

A.Namazova pediatriya üzrə elmlər doktoru olmuş, Azərbaycan və Rusiya Elmlər akademiyalarına üzv seçilmiş ilk və yeganə azərbaycanlı qadındır. Onun rəhbərliyi altında 62 elmlər və fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir. Alimin yaratdığı pediatriya elmi məktəbinin nümayəndələri hazırda respublikada və müxtəlif xarici ölkələrdə elmi fəaliyyətlə məşğuldurlar.

O, 350-dən artıq elmi əsərin, o cümlədən 30 monoqrafiya, dərslik, metodik vəsaitlərin, 6 ixtiranın müəllifidir.

A.Namazova Azərbaycan Respublikası Pediatrlar Assosiasiyasının prezidenti, Ümumdünya və Avropa Pediatrlar Assosiasiyası idarə heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Assosiasiyasının vitse-prezidenti, Türkdilli və başqa ölkə pediatrlarının V konqresinin prezidenti, SSRİ-nin Xalq deputatı, eləcə də Ali Sovetinin Komitə sədri olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Akademik M.Topçubaşovun mühazirələri” müsabiqəsi komissiyasının sədri, Azərbaycan Respublikası Uşaq Fondunun həmsədri, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvüdür. A.Namazova elmi, pedaqoji, həkimlik və ictimai fəaliyyətinə görə yüksək mükafatlara layiq görülmüşdür. O, SSRİ-nin “Səhiyyə Əlaçısı” döş nişanını (1980), “Əməkdar elm xadimi” (1981), “Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı” (1982) fəxri adlarını almış, Azərbaycan Respublikasının “Şöhrət” ordeni (1996), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Akademik M.A.Topçubaşov” döş nişanı (2006), Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksey tərəfindən “Müqəddəs Çar Dmitri Ordeni” (2007), Azərbaycan Respublikasının “Şərəf” ordeni (2011), 2016-cı ildə AMEA-nın “Akademik Mirəsədulla Mirqasımov adına mükafatı”, Rusiya Pediatrlar Birliyinin “Akademik G.Speranski” medalı ilə təltif edilmişdir.

Ölkəmizdə pediatriyanın inkişafı sahəsində əvəzsiz xidmətləri olan görkəmli alimi 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və Azərbaycan tibb elminin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

 

  • Paylaş: