Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Görkəmli ədəbiyyatşünas alimin beşcildliyi işıq üzü görüb
06.09.2016 15:21
  • A-
  • A
  • A+

Görkəmli ədəbiyyatşünas alimin beşcildliyi işıq üzü görüb

Görkəmli ədəbiyyatşünas alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarına əsasən Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən alimin “Seçilmiş əsərləri”nin 5 cildliyi və “Yaşar Qarayev: yaxından və uzaqdan” adlı məqalələr və xatirələr toplusu işıq üzü görüb.

“Seçilmiş əsərləri”n (5 cilddə) elmi redaktoru Ədəbiyyat İnstitutunun XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor Şirindil Alışanlıdır.

Seçilmiş əsərlərin I cildinə ədəbiyyatşünas alimin “Azərbaycan ədəbiyyatında faciə janrı”, “Səhnəmiz və müasirlərimiz”, “Tənqid: problemlər, portretlər”, II cildinə “Poeziya və nəsr”, “Ədəbi üfüqlər”, “Xarı bülbülün nağılı”, III cildinə “Realizm: sənət və həqiqət”, “Meyar şəxsiyyətdir”, IV cildinə “Tarix: yaxından və uzaqdan” və “Min ilin sonu” kitab və monoqrafiyaları, V cildinə isə müxtəlif illərdə yazılmış dövri mətbuatda dərc olunmuş elmi-publisistik məqalələri, məruzə və çıxışlarının mətnləri daxil edilib.

Yaşar Qarayev haqqında görkəmli ədəbiyyatşünas alimlərin, müasirləri və tələbələrinin yazdığı məqalələrin və xatirələrin toplandığı “Yaşar Qarayev: yaxından və uzaqdan” məcmuəsinin elmi redaktoru və ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Akademik İsa Həbibbəylinin “Yaşar Qarayev: yaxından və uzaqdan” adlı məqalələr və xatirələr kitabına yazdığı “Görkəmli tənqidçinin portreti” adlı müqəddimədə deyilir: “Bu gün ötən XX əsrin ədəbi-elmi nəsillərini təhlildən keçirilməli olsaq, Yaşar Qarayev elmdə mərkəzi fiqur olmaqla yanaşı, həm də keyfiyyət dəyişmələrinin əsas barometrlərindən biri kimi fikrimizə gələr. Yaşar Qarayev ustad müəllimləri – Əli Sultanlı, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərovla çoxsaylı yetirmələri olan yeni nəsil elmlər doktorları və namizədləri arasında etibarlı elmi-ədəbi və mənəvi körpüdür. Yaşar Qarayev müəllimlərinin istedadlı, görkəmli xələfi, davamçısı, xələflərinin isə böyük müəllimidir. Sələf-xələf münasibətlərindəki varislik, bütövlük, əhatəlilik, tamlıq və yaşarılıq milli ədəbiyyatşünaslıq elmimizdə Yaşar Qarayev məktəbini ortaya çıxarır”.

Məqalələr və xatirələr kitabını filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırova tərtib etmişlər. Kitaba tanınmış Azərbaycan alimlərindən, görkəmli akademiklərdən Məmməd Arif, Məmməd Cəfər, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Tofiq Hacıyevin müxtəlif illərdə yazdıqları məqalələr və xatirələr daxil edilib. Bir çox məqalə və xatirələr isə ilk dəfə bu kitabda oxuculara çatdırılıb.

Qeyd edək ki, çoxcildlik elmi əsərlər “Elm” nəşriyyatında, məqalələr və xatirələr toplusu isə “Sabah” nəşriyyatında çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: