Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.09.2016 16:51
  • A-
  • A
  • A+

Bakıda keçirilən “ICMSEM 2016” X beynəlxalq konfransı başa çatıb

Bakıda keçirilən “ICMSEM 2016” X beynəlxalq konfransı başa çatıb

Bakıda keçirilən “İdarəetmə elmi və mühəndislik idarəetməsi” (“ICMSEM 2016”) mövzusunda X beynəlxalq konfrans sentyabrın 1-də başa çatıb. Beynəlxalq tədbir Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye, İqtisad, Texniki universitetləri və Çinin Siçuan Universiteti tərəfindən təşkil olunub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müasir dünyada elmin, təhsilin mühüm rolundan, bu sahədə əldə olunan yüksək nailiyyətlərdən bəhs edib. AMEA-da səmərəli elmi tədqiqatlar aparıldığını söyləyən İ.Həbibbəyli konfransın əhəmiyyətli nəticələrinin olacağına əminliyini bildirib.

Qeyd olunub ki, elm bəşəriyyətin inkişafında mühüm rol oynayır. Müxtəlif cəmiyyətlərdə böyük dəyişikliklər elmin sayəsində mümkün olub. Elmi potensialı və ənənələri güclü olan ölkələr dünyanın qüdrətli dövlətləri sırasına çıxa biliblər. Elmi fəaliyyət sahəsində ölkəmizin mövcud reallıqları, davamlı ənənələri və inkişaf perspektivləri öyrənilərək obyektiv nəticələrin çıxarılması üçün ciddi səylər göstərilib.

Dünya təcrübəsində akademiyaların və universitetlərin nəzdində elmi-innovasiya tutumlu sənaye müəssisələrinin, təsərrüfat subyektlərinin, hətta müdafiə təyinatlı istehsalat sahələrinin mövcud olduğunu deyən akademik Azərbaycan elmində də bu istiqamətdə görülən işlər barədə məlumat verib.

Vurğulanıb ki, Prezident İlham Əliyevin 2014-cü il dekabrın 13-də təsdiq etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının nizamnaməsində, habelə bir sıra ali məktəblərimizin əsasnamələrində elm və təhsil qurumlarının nəzdində təsərrüfat subyektlərinin yaradılmasına və fəaliyyət istiqamətlərinə dair konkret müddəalar yer alıb. “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu da elmi-tədqiqat və ali təhsil müəssisələrində təsərrüfat-sənaye subyektlərinin yaradılmasına və hüquqi cəhətdən tənzimlənməsinə geniş yol açır.

Tədbirdə çıxış edən Moldova Elmlər Akademiyasının (MEA) prezidenti, akademik Georgi Duka rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri haqqında danışıb. O, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında dövlət siyasətini rəhbər tutan MEA-da istedadlı uşaqlar üçün liseyin yaradıldığını, təhsil prosesində yeni strategiyalar və yüksək texnologiyaların tətbiqi istiqamətində işlərin aparıldığını bildirib. Diqqətə çatdırılıb ki, gəncləri elmə cəlb etmək, onların fəaliyyətini stimullaşdırmaq üçün qrant layihələrin həyata keçirilməsi zəruridir.

Sonra Tokio Elmlər Universitetinin professoru Mitsuo Gen, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Gennadi Falin, Kanadanın Brok Universitetinin professoru Syed Ejaz Əhməd, Honkonq Şəhər Universitetinin professoru N.Sinqpurvalla, ABŞ-ın Drexel Universitetinin professoru Benjamin Lev, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı və AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, professor Əminağa Sadıqov və digərləri mövzu ilə bağlı çıxış ediblər.

Qeyd edək ki, “İdarəetmə elmi və mühəndislik idarəetməsi” mövzusunda beynəlxalq konfrans 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il həmin konfransa MDB məkanında ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: