www.science.az
30.08.2016 09:46

AMEA-nın müxbir üzvü Mustafa Salahovun 85 yaşı tamam olub

Avqustun 29-da tanınmış kimyaçı alim, Azərbaycanın Əməkdar ixtiraçısı, “Şöhrət” ordenli, Polimer Materialları İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Mustafa Səttar oğlu Salahovun 85 yaşı tamam olub.

Mustafa Salahov 29 avqust 1931-ci ildə Bakı şəhərində anadan olmuş, 1955-ci ildə Qorki Dövlət Universitetini “fiziki-kimya” ixtisası üzrə bitirmişdir.

1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunun aspiranturasına daxil olmuş və akademik Y.Məmmədəliyevin rəhbərliyi ilə 1964-cü ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1976-cı ildə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

M.Salahov əmək fəaliyyətinə 1955-ci ildə Sumqayıt “Sintetik kauçuk” zavodunda başlamışdır. 1966-cı ildən bu günə kimi bir neçə laboratoriyanın təşkilatçısı və rəhbəri, 1974-77-ci illərdə Xlor üzvi sintez İnstitutunun (indiki Polimer Materialları İnstitutu) elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 1993-94-cü illərdə Türkiyə Mərmərə Araşdırmalar Mərkəzində (TUBİTAK) işləmişdir.

Alimin elmi tədqiqat­larının əsas istiqamətləri C1-C5 karbohidrogenlərinin tam xlorlaşmasından C1-C6 xlorkarbonların alınma qanunauyğunluqlarının müəyyən edilməsi, C60-füllerenlərin ayrılması imkanlarının aşkar edilməsi və dioksin ksenobiotiklərinin əmələ gəlməsinin qarşısının alınması mümkünlüyünün müəyyən edilməsi, karbohidrogenlərin oksixlorlaşması və oksibromlaşması reaksiyalarının əsas prinsiplərinin yaradılması ilə əlaqədardır. Onun elmi yaradıcılıq fəaliyyəti fundamental və tətbiqi sahələri harmonik şəkildə birləşdirir.

M.Salahov 1100-dən artıq elmi əsərin, o cümlədən 200-ə yaxın müəlliflik şəhadətnaməsi və patentin, sənayedə tətbiq edilmiş 5 kimyəvi prosesin, 12 kitabın müəllifidir.

Onun rəhbərliyi ilə 4 elmlər doktoru, 31 fəlsəfə doktoru və 20 magistr dissertasiyası müdafiə edilmişdir.

M.Salahov Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası Üzvi kimya Elmi İstiqaməti üzrə Problem Şurasının sədri, Azərbaycan Memarlar İttifaqının fəxri üzvü, Respublika Müəlllimlər İttifaqı idarə heyətinin üzvü, Bakı Dövlət Universitetinin professorudur. Həmçinin Elmi inkişaf üzrə Beynəlxalq Şura  Beynəlxalq Elmlər Akademiyasının akademiki, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür.

Alimin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. O, 2004-cü ildə Azərbaycan Respublikası Preziden­tinin Sərəncamı ilə elm sahəsindəki  nailiyyətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

M.Salahov Beynəxalq Elmlər Akademiyasının “Qızıl döş nişanı”, Akademik Y.Məmmədəliyev və Akademik M.Mehdizadə medalları, Rusiya Elmi Texniki Yaradıcılıq Sərgisinin laureat diplomuna layiq görülmüşdür.

Tanınmış elm mücahidini 85 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı və elmi fəaliyyətində yeni uğurlar arzu edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.