Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

26.08.2016 10:35
  • A-
  • A
  • A+

Azərbaycan-Yaponiya beynəlxalq ekspedisiyası Damcılı mağarasında tədqiqatlar aparıb

Azərbaycan-Yaponiya beynəlxalq ekspedisiyası Damcılı mağarasında tədqiqatlar aparıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aveydağ qoruğu və Tokio Universiteti arasında imzalanan memaranduma əsasən, 2016-cı ildən etibarən Qazax rayonu Daşsalahlı kəndi ərazisində və Avey dağı ətəyindəki Damcılı mağarasında daş dövrünün müxtəlif mərhələlərinə aid layların tədqiqi aparılıb. Memorandumun müddəalarına uyğun olaraq cari ilin avqust ayının 8–dən 24–nə kimi göstərilən ərazidə Azərbaycan-Yaponiya beynəlxalq ekspedisiyası tərəfindən aparılan tədqiqatlar davam etdirilib. Ekspedisiyanın tərkibində Tokio Universitetinin professoru, Daş Dövrü arxeologiyası departamentinin rəhbəri, doktor Yoşihiro Nişiakinin rəhbərliyi ilə yaponiyalı mütəxəssislər (topoqraf, paleobioloq, paleobotanik və digərləri) və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları – tarix üzrə fəlsəfə doktorları Mənsur Mənsurov və Azad Zeynalov, həmçinin, Göytəpə neolit məskənində tədqiqatlar aparan Tovuz arxeoloji ekspedisiyasının üzvləri, İnstitutun elmi işçiləri – Şahin Səlimbəyov və Yaqub Məmmədov fəaliyyət göstərib. 

İlkin tədqiqatlar zamanı qazılmış 12 kəşfiyyat şurfunun bir neçəsində mühüm nəticələr əldə olunub. Qazıntı nəticəsində şurflarda müəyyən edilmiş üst təbəqələrdən orta əsrlərə aid keramika nümunələri və ox ucluqları, alt təbəqələrdən erkən neolit dövrünə aid alətlər tapılıb. Neolit təbəqəsindən daha aşağıya doğru, təxminən 50 sm qalınlıqda olan lal təbəqənin altında, 3,5 metr dərinlikdəki təbəqədən Orta Paleolit dövrünə aid alətlər aşkar olunub. Təbəqələrdən əldə olunmuş fauna və kömür qalıqları mütləq tarixi yaşın müəyyən olunması üçün Tokio Unversitetinə göndəriləcək. Tədqiqatların növbəti ildə davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, hələ 1953-cü ildə respublikamızın ərazisində arxeoloqlar M.M.Hüseynov və S.N.Zamyatinin iştirakı ilə Mərəzə, Qazax və Ağstafada arxeoloji kəşfiyyat işləri aparılmış və Damcılı mağarası qeydə alınmışdır. Bununla da ölkəmizdə paleolit dövrünün öyrənilməsinin əsası qoyuldu. Qeyd etmək lazımdır ki, 8-i mağarada olmaqla, dövrümüzədək 30-dan artıq paleolit abidəsi aşkar olunmuşdur. 1956-1957-ci illərdə Damcılı mağarasında arxeoloji qazıntılar M.M.Hüseynovun rəhbərliyi ilə davam etdirilmiş, mədəni təbəqədən üst və orta paleolit, mezolit, neolit dövrlərinə aid 7 mindən artıq alət və tullantılar, eləcə də fauna qalıqları tapılmışdır. Lakin o zaman aşkar edilmiş mədəni təbəqənin qarışıq olması dövrlərin keçid mərhələlərini və mütləq yaşını müəyyənləşdirməyə imkan verməmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: