Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Landşaftşünaslığa həsr olunmuş monoqrafiyalar  işıq üzü görüb
23.08.2016 16:32
  • A-
  • A
  • A+

Landşaftşünaslığa həsr olunmuş monoqrafiyalar işıq üzü görüb

AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun  Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsi əməkdaşlarının yeni monoqrafiyaları nəşr olunub.

C.ü.f.d. Qalib Rüstəmov və elmi işçi Almaz Rüstəmovanın “Böyük Qafqazın cənub yamacı landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri” adlı monoqrafiyası AMEA-nın müxbir üzvü,  professor  Elbrus Əlizadənin redaktorluğu ilə ərsəyə gəlib. Kitab Böyük Qafqazın cənub yamacındakı nival-subnival, dağ-çəmən, dağ-meşə, dağətəyi maili düzənlik landşaftlarının, eləcə də, təbii-texnogen geokimyəvi landşaft sistemlərinin ekoloji-geokimyəvi xüsusiyyətlərinin tədqiqinə həsr olunub. Əsərdə dağ geosistemlərindəki mövcud geokimyəvi şəraitin canlı orqanizmlərin, o cümlədən, insanların sağlamlığına təsiri araşdırılaraq tədqiq olunan ərazilərin ekoloji-geokimyəvi rayonlaşdırılması və ayrılmış ekogeokimyəvi landşaft rayonlarının səciyyəvi xüsusiyyətləri müfəssəl şərh edilir.

İlk dəfə tərtib olunmuş “Böyük Qafqazın cənub yamacı landşaftlarının ekoloji-geokimyəvi rayonlaşdırılması” xəritəsi əsasında tədqiqat ərazisinin dağ geosistemlərində makro və mikroelementlərin paylanma, səpələnmə və konsentrasiya xüsusiyyətləri araşdırılmışdır.

C.ü.f.d. Səidə Zeynalovanın “Arid dağ geosistemlərinin landşaft indikasiyası” monoqrafiyası arid dağlıq ərazilərin kosmik şəkillərinin (KŞ) landşaft-indikasiya deşifrləmə metodikasına və Cənub-Şərqi Qafqazın cənub yamacı timsalında arid dağ geosistemlərinin KŞ-lərin deşifrləmə materiallarının tətbiqi ilə tədqiqi məsələlərinə həsr olunub.

Monoqrafiyada verilmiş bəzi məsələlər gələcəkdə daha məqbul  deşifrləmə metodunun işlənib hazırlanması üçün müsbət rol oynaya bilər. Əsərdə, həmçinin KŞ-lərin landşaft-indikasiya deşifrləmə materiallarının interpretasiyası əsasında orta miqyaslı landşaft xəritələşdirilməsinin bir sıra metodoloji məsələləri də təhlil olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: