www.science.az
15.08.2016 09:36

Şəkidə keçiriləcək elmi-praktik konfransda demoqrafik inkişaf məsələləri müzakirə olunacaq

Sentyabrın 12-13-də Şəkidə “Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının perspektivləri və regional problemləri” mövzusunda elmi-praktik konfrans keçiriləcək. Tədbirin təşkilatçıları AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutu, Prezident Yanında Bilik Fondu, Şəki Şəhər İcra Hakimiyyəti və AMEA Şəki Regional Elmi Mərkəzidir.

Konfransa həsr olunmuş yığıncaqda Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə son hazırlıq işlərindən danışıb.

Qeyd olunub ki, tədbirin keçirilməsində məqsəd ölkədə demoqrafik inkişaf problemləri, əhali məskunlaşmasının səmərəli ərazi təşkili, məskunlaşma areallarının ekocoğrafi problemləri, əhalinin milli-etnik tərkibinin formalaşması, multikulturalizm və tolerantlıq, əhalinin məşğulluq problemi, turizm-rekreasiya ehtiyatlarından istifadə, əhalinin iş yerləri ilə təminatı və s. kimi məsələlərdən irəli gələn problemlərin həlli yollarının işlənib hazırlanması, müzakirəsi və uyğun qərarların qəbuludur.

Bölmə iclasları “Şəki-Zaqatala iqtisadi rayonunun demoqrafik vəziyyəti və sosial-iqtisadi inkişaf problemləri”, “Şəki-Zaqatala iqtisadi rayonunda təbii-dağıdıcı hadisələr və onlardan mühafizə tədbirləri” və “Şəki-Zaqatala iqtisadi rayonunda təbii-iqtisadi və landşaft-ekoloji potensialının səmərəli istifadə edilməsi” mövzuları üzrə keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.