Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Eroziya və Suvarma İnstitutunun əldə etdiyi son elmi nailiyyətlər müzakirə olunub
10.08.2016 10:50
  • A-
  • A
  • A+

Eroziya və Suvarma İnstitutunun əldə etdiyi son elmi nailiyyətlər müzakirə olunub

3-8 avqust 2016-cı il tarixlərdə Zaqatala rayonunda Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə regional elmi-praktiki seminar keçirilib. AMEA-nın Eroziya və Suvarma İnstitutunun əldə etdiyi son elmi nailiyyətlərin işıqlandırılması məqsədini daşıyan tədbirdə Rayon İcra Hakimiyyəti nümayəndələri, fermer təsərrüfatları rəhbərləri, k/t idarə rəhbərləri, aqrar sahə üzrə ixtisaslı mütəxəssislər, fərdi istehsal qurumları və s. iştirak edirdi.

Seminarda AMEA-nın Eroziya və Suvarma İnstitutunun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev “Azərbaycanda dağ suvarma əkinçiliyinin inkişaf perspektivləri, problemlər və həlli yolları” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, ölkə Prezidenti İlham Əliyevin aqrar elmi sahəsində imzaladığı Dövlət proqramlarının icrası təmsil etdiyi qurumda uğurla həyata keçirilmişdir.  Eyni zamanda, AMEA prezidenti, akademik Akif Əlizadənin bu sahədə çalışan hər bir alim qarşısında qoyduğu problem tapşırıqlar ardıcıl şəkildə öz həllini tapmışdır.

Məruzəçinin sözlərinə görə, Eroziya və Suvarma İnstitutunda müvafiq tədqiqat planı üzrə çoxsaylı elmi-tədqiqat işləri həyata keçirilmişdir ki, ilkin nəticələri də qənaətbəxş hesab etmək olar. Aqrar elmin aparıcı istiqamətlərində fundamental və tətbiqi əhəmiyyətli tədqiqatlar aparılmış və bu tədqiqatlar əsasında torpaqların səmərəli şəkildə istifadəsi baxımından çoxsaylı torpaqqoruyucu tədbirlər işlənilib hazırlanmışdır. O cümlədən, torpaq eroziyasının bütün növləri: külək, irriqasiya, yaylaq, qobu və yarğan və sel eroziyaları, defilyasiya və deqradasiya kimi istiqamətlərdə də elmi əsaslı tədbirlər hazırlanaraq, geniş miqyaslı tətbiqə tövsiyə olunmuşdur.

AMEA-nın Eroziya və Suvarma İnstitutunun laboratoriya müdiri əvəzi, meşə-mühafizə tədqiqatları üzrə aparıcı elmi işçi Fərrux Xəlilov isə seminarda “Böyük Qafqaz meşələrinin ekologiyası, antropogen deqradasiyası və yaxşılaşdırılması yolları” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə ölkənin aqrar sənaye qüdrətinin daha da yüksəldilməsi, eləcə də regionda bu sahədə mövcud olan problemlərin həlli istiqamətində geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib. Həmçinin Eroziya və Suvarma İnstitutunun yaranma dövrünün 65 illik yubileyi ərəfəsində qurumun şərəfli elmi-yaradıcılıq və təşkilatı fəaliyyəti, son illərdə əldə olunan mühüm elmi nəticələr müzakirə olunub. Bildirilib ki, Azərbaycanın təbii resurslarının (torpaq, su, meşə fondu və s.) qorunub saxlanılması, onlardan səmərəli və qənaətlə istifadə olunaraq əkin dövriyyəsindən çıxma təhlükəsinin qarşısının alınması, bəşəri problem sayılan toraq eroziyasına qarşı mübarizə institut alimlərinin qarşısında duran mühüm vəzifələrdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: