www.science.az
08.08.2016 09:36

AMEA ilə “Auxilium Engineering” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub

AMEA Rəyasət Heyətində "Auxilium Engineering" Şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşün məqsədi AMEA ilə bu şirkət arasında tanışlıq və potensial əməkdaşlıq imkanlarının müzakirəsi olub.

AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev qonaqlara Akademiyada həyata keçirilən islahatlar və elmin kommersiyalaşdırılması prosesi haqqında danışıb. Bildirib ki, AMEA yalnız elmi-tədqiqat institutlarının cəmləşdiyi ali elm qurumu kimi deyil, həm də istehsal və sənayenin inkişafında birbaşa tərəfdaş kimi çıxış edə bilən iqtisadi bir subyektdir.

Sonra Çinin ən böyük dövlət şirkətlərindən olan "China State Construction" Xianjinq Tikinti və Mühəndislik qrupunun Azərbaycan üzrə nümayəndəsi Liu Xinan tərəfdaşı olduğu "Auxilium Engineering"in şirkətinin fəaliyyət istiqamətləri və təklif etdiyi xidmətlər haqqında ətraflı məlumat verib. Bildirib ki, şirkət bir neçə beynəlxalq, yerli layihələrdə iştirakçı və əlaqələndirici rolunu oynayır, müxtəlif təyinatlı layihələrin həyata keçirilməsində böyük təcrübəyə malikdir.

Görüşdə AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev şirkətin ölkəmizdə investisiya qoyuluşu ilə yanaşı, Akademiya ilə əməkdaşlığa maraq göstərdiyini, bu məqsədlə AMEA rəhbərliyinə əməkdaşlıq haqqında məktub ünvanladığını bildirib. V.Babayev şirkətin fəaliyyət istiqamətlərinə daxil olan sürtkü materiallarının Akademiyada istehsalı təcrübəsindən danışıb. Qeyd edib ki, son illər AMEA-nın Təcrübə-Sənaye Zavodunda Avropa və Dünya standartlarına uyğun məhdud miqdarda sürtkü materiallarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriya – pilot kompleksi yaradılıb. Şöbə rəisi vurğulayıb ki, Akademiya rəhbərliyinin göstərişinə əsasən, zavodun mütəxəssisləri hazırda Neft-Kimya ProsesləriAşqarlar Kimyası institutlarının alimləri ilə birlikdə yerli xammal bazasında daha geniş çeşiddə sürtkü materiallarının istehsal texnologiyasının mənimsənilməsi və normativ-texniki sənədlərin hazırlanması ilə məşğuldurlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.