Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA-da “Thomson Reuters” Agentliyinin nümayəndələri ilə görüş keçirilib
04.08.2016 17:41
  • A-
  • A
  • A+

AMEA-da “Thomson Reuters” Agentliyinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev "Thomson Reuters" Agentliyinin Elm və İntellektual mülkiyyət departamentinin müdiri Oleq Utkini, Dövlət sektorunda biznesin inkişafı üzrə direktoru Sergey Xristolyubovu və Agentliyin Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadəni qəbul edib. Görüşdə məqsəd AMEA ilə "Thomson Reuters" arasında əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.

Akademik İbrahim Quliyev Azərbaycanda elmi nəşrlərin beynəlxalq bazalara inteqrasiyasına xüsusi diqqət yetirildiyini və bu istiqamətdə müəyyən uğurların əldə olunduğunu bildirib. AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin riyaziyyat üzrə mətbu nəşri olan “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının “Thomson Reuters” şirkətinin “Emerging Sources Citation Index (ESCI)” siyahısına daxil olduğunu xatırladan vitse-prezident qeyd edib ki, Agentliklə əməkdaşlıq Azərbaycan elminin beynəlxalq səviyyədə tanınması baxımından əhəmiyyətli olacaq. Bu əməkdaşlıq ölkədə elmin dinamik inkişafı, dünya elminə inteqrasiyasının sürətlənməsi, onun səmərəliliyinin və keyfiyyət səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcək.

Səmimi qəbula görə öz minnətdarlığını bildirən İntellektual mülkiyyət departamentinin müdiri Oleq Utkin Agentliyin fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, təmsil etdiyi qurum alimlərin dünyanın nüfuzlu elmi jurnalları bazasından istifadəsi üçün geniş imkanlar yaradır. Akademik İbrahim Quliyevin impakt faktorlu xarici jurnallarda dərc edilmiş məqalələrinin statistikası ilə tanış olduğunu deyən qonaq vurğulayıb ki, alimin elmi əsərlərinə istinadların sayı olduqca yüksəkdir.

Sonda AMEA ilə Thomson Reuters arasında əməkdaşlığın mərhələləri üzrə ilkin razılaşmalar əldə edilib.

Görüşdə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva da iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: