Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qurban Yetirmişli: "Təkanların çox dərində olması ciddi dağıntıların qarşısını alıb"
02.08.2016 17:46
  • A-
  • A
  • A+

Qurban Yetirmişli: "Təkanların çox dərində olması ciddi dağıntıların qarşısını alıb"

Avqustun 1-də İmişli rayonu ərazisində üç zəlzələ baş verib. Yerli vaxtla 08:46-da Beyləqandan 34 kilometr şimal-şərqdə baş vermiş birinci zəlzələnin maqnitudası 5,6 bal təşkil edib. Yaxınlıqdakı şəhərlərdə, habelə şimal və şimal-qərb rayonlarında 5,0 bal gücündə yeraltı təkanlar hiss olunub. Üç dəqiqə sonra 3,9 bal gücündə ikinci zəlzələ baş verib. Yerli vaxtla 11:51-də baş vermiş üçüncü zəlzələnin maqnitudası 4,1 bal təşkil edib. İmişli rayonunda və zəlzələnin hiss olunduğu ətraf rayonlarda əhalinin təşvişinə heç bir əsas yoxdur.

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

Bütün enerjinin səhər saatlarında baş vermiş əsas yeraltı təkan nəticəsində üzə çıxdığını qeyd edən Q.Yetirmişli deyib: “Birinci yeraltı təkandan sonra 6 afterşok qeydə alınıb. Gün ərzində zəif afterşoklar davam edib”.

Ciddi dağıntıların gözlənilmədiyini vurğulayan RSXM-nin baş direktoru fikrini belə yekunlaşdırıb: “Köhnə tikililərdə çatların əmələ gəlməsi ehtimalı var. Təkanların çox dərində olması ciddi dağıntıların qarşısını alıb. Zəlzələ 28 kilometr dərinlikdə baş verib. Ona görə də cüzi nəticələri olub. Əgər təkanların dərinliyi haradasa 6-7 kilometr təşkil etsəydi, çoxlu dağıntılar olardı. Belə olan halda ətraf ərazilərdə 7 bal gücündə zəlzələ hiss edilərdi”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: