Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasətini ifşa edən daha bir əsərin təqdimatı keçirilib
29.07.2016 09:21
  • A-
  • A
  • A+

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasətini ifşa edən daha bir əsərin təqdimatı keçirilib

AMEA Naxçıvan Bölməsində bölmənin sədri, akademik İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” monoqrafiyasının təqdimat mərasimi keçirilib. 

Tədbirdə akademik İsmayıl Hacıyev müəllifi olduğu əsər haqqında ətraflı məlumat verib. Bildirib ki, Moskvada çapdan çıxmış monoqrafiyada erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsil mahiyyəti açıqlanır. Yeni nəşr xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşayiət olunan təcavüzün təkzibolunmaz faktlar əsasında təhlili, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.

Sonra AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Erməni iddialarına layiqli cavab verən əsər” adlı məruzəsi dinlənilib. Qeyd edilib ki, bu əsər qədim Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması və bu ərazidə erməni dövlətinin yaradılması proseslərinin bütün istiqamətlərinin tədqiqi ilə məşğul olan, o cümlədən təcavüzkar Ermənistan dövlətinin monoetnik ölkəyə çevrilməsinin səbəb və nəticələrini araşdıran, eləcə də Azərbaycan xalqının məruz qaldığı çoxistiqamətli erməni təcavüzü məsələsinə maraq göstərən tədqiqatçılar üçün dəyərli mənbədir. Kitabda cəmləşdirilmiş çoxlu sayda tarixi faktlar, indiki Ermənistan ərazisində mövcud olmuş Azərbaycan-türk mənşəli oykonimlərin erməniləşdirilməsinə dair rəsmi sənədlər, müxtəlif arxiv materialları və digər mənbələrdən istifadə olunması əsərin elmi dəyərini daha da artırır.

Bildirilib ki, müasir dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxından tanış olmaq istəyən hər bir kəsdə real təsəvvür yaradan bu monoqrafiya tariximizdə Ermənistanın ölkəmizə təcavüzü ilə bağlı aparılan tədqiqatların kompleks şəkildə öyrənilməsi işinə sanballı töhfədir.

Təqdimat mərasimində bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyev və başqaları kitabın məziyyətlərindən danışıblar, tariximizin öyrənilməsi baxımından nəşrin böyük əhəmiyyət daşıdığını söyləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: