www.science.az
28.07.2016 09:33

MEK-də Beynəlxalq və ictimai əlaqələr şöbəsi yaradılıb

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) yeni dövrdəki fəaliyyətinin effektivliyini artırmaq məqsədilə struktur islahatları çərçivəsində Beynəlxalq və ictimai əlaqələr şöbəsi (BİƏŞ) yaradılıb. Yeni yaradılan şöbənin fəaliyyəti MEK-in İdarə Heyəti tərəfindən təsdiq edilmiş “Əsasnamə” və “Vəzifə öhdəlikləri” ilə nizamlanır.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 21 yanvar 2015-ci il tarixli qərarı ilə Mərkəzi Elmi Kitabxananın yeni Nizamnamə və strukturu təsdiq olunmuş və həmin gündən BİƏŞ fəaliyyətə başlamışdır.

Yeni şöbə fəaliyyətini MEK struktur bölmələrinin hamısı ilə sıx əməkdaşlıq əsasında qurur. Fəaliyyətə başladığı ilk gündən şöbə kitabxanın fəaliyyəti barədə geniş ictimaiyyətə məlumat vermək üçün media ilə sıx əməkdaşlıq qurur, KİV-i operativ və dolğun informasiya ilə təmin edir. Bunun üçün daim yenilənən və üç dildə istifadəçilərin ixtiyarına verilmiş www.mek.az saytının, o cümlədən Facebook, Twitter və digər sosial şəbəkələrin imkanlarından geniş istifadə olunur.

BİƏŞ-in vəzifə öhdəliklərinə beynəlxalq əlaqələrin qurulması, müxtəlif tədbirlərin təşəbbüskarlığı və təşkilatçılığı kimi məsələlər də daxildir.

Yeni yaradılan şöbə kitabxana fəaliyyətinin daha da genişləndirilməsinə və resurslarından səmərəli istifadəyə yönəlmiş məqsədyönlü fəaliyyət göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.