Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

20.07.2016 16:37
  • A-
  • A
  • A+

AMEA ilə DAAD arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA ilə DAAD arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bu gün AMEA Rəyasət Heyətində Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin ofis meneceri Ştefani Düfo ilə görüş keçirilib.

AMEA prezidenti, akademik Akif Əlizadə öncə qonağı salamlayaraq onu Akademiyada görməkdən məmnun olduğunu bildirib. DAAD vasitəsilə onlarla azərbaycanlı gəncin Almaniyada doktorantura və magistratura təhsili aldığını vurğulayan alim göstərdikləri dəstəyə görə təşkilatın əməkdaşına təşəkkürünü bildirib.  

Akademik A.Əlizadə qeyd edib ki, gənc alimlərin DAAD-ın təkilf etdiyi tədris proqramlarından xəbərdar olmaları üçün AMEA-nın rəsmi İnternet-portalında bu barədə elanlar yerləşdirilməlidir. Alim qonağı AMEA-nın elmi müəssisələri ilə tanış olmağa və orada fəaliyyət göstərən alimləri DAAD barədə ətraflı məlumatlandırmağa dəvət edib.

Sonra Ş.Düfo çıxış edərək təmsil etdiyi təşkilatın fəaliyyətindən söz açıb. Bildirib ki, Almaniyanın dövlət qurumu olan DAAD dünyada tələbə və alimlərin beynəlxalq mübadiləsini dəstəkləyən ən böyük təşkilatdır. 1925-ci ildən fəaliyyətə başlayan DAAD Almaniya və digər ölkələrdən 1,5 milyondan çox alim və tələbəyə maliyə dəstəyi göstərmişdir. Qeyd edib ki, qurumun əsas vəzifəsi tələbələrin və elm adamlarının mübadiləsi vasitəsilə xarici ölkələrlə akademik münasibətləri dəstəkləməkdən ibarətdir. 

Təşkilat tərəfindən elan olunan təqaüd proqramları barədə də məlumat verən S.Düfo bildirib ki, DAAD tələbə və məzunlar, eləcə də gənc alim və doktorantlar üçün müxtəlif tədqiqat təqaüdləri, dil kursları təklif edir. 

Qonaq AMEA ilə DAAD arasında həyata keçirilən birgə layihələrdən də söz açıb. Vurğulayıb ki, DAAD Azərbaycanda elmin inkişafını həyata keçirən bir qurum kimi Akademiya ilə sıx əməkdaşlıq edir. O, AMEA-nın müxtəlif institut və təşkilatları ilə əlaqələrin Azərbaycan elminə mühüm töhfələr verəcəyinə əminliyini bildirib.

S.Düfo DAAD-ın təklif etdiyi proqramlarda hər bir elm sahəsi üzrə orta hesabla 12-15 magistrın iştirak edə biləcəyini qeyd edib. Bildirib ki, bu yolla təhsil alan tələbələr həm Azərbaycan, həm də Almaniyaya məxsus müvafiq ali məktəbin diplomlarına yiyələnə biləcəklər. O, həmçinin mübadilə proqramlarının təkcə gənclər üçün deyil, alimlər üçün də geniş imkanlar yaratdığını vurğulayıb.  

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva DAAD-ın nümayəndəsi ilə birgə magistratura təhsilinə dair bir neçə tədris proqramının müzakirə edildiyini bildirib. Qeyd edib ki, Almaniyada fəaliyyət göstərən alim və mütəxəssisləri Azərbaycana dəvət etmək üçün DAAD-ın dəstəyinə ehtiyac vardır.  

Görüşdə, həmçinin AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərərk DAAD təşkilatının Azərbaycan alimləri üçün təklif etdiyi imkanları yüksək qiymətləndirib. Alim iki qurum arasında prioritet elmi istiqamətlərdə seminar və treninqlərin təşkilinin də məqsədəuyğun olduğunu dilə gətirib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, professor Əminağa Sadıqovİctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: