Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Vəli Əliyevin 80 yaşı tamam olur
19.07.2016 10:57
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Vəli Əliyevin 80 yaşı tamam olur

İyulun 20-də görkəmli tarixçi alim, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Hüseyn oğlu Əliyevin 80 yaşı tamam olur.

Vəli Əliyev 1936-cı ildə Şəki şəhərinin Daşbulaq kəndində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, 1966-cı ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1994-cü ildə professor elmi adını almış, 2003-cü ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.

1959-cu ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayan Vəli Əliyev 1990-cı ildən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiridir. Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetində Ümumi tarix kafedrasının müdiri vəzifəsində çalışır.

V.Əliyev Azərbaycanın tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın müəllifidir. Onun Azərbaycanın qədim tarixinin arxeoloji tədqiqi sahəsinə həsr olunmuş “Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti”, “Qədim Naxçıvan”, “Ağsunun tarixi səhifələri”, “Naxçıvan Azərbaycanın tarixi diyarıdır”. “Gəmiqaya”, “Naxçıvanın Qədim qala şəhərləri”, “Qədim Qarabağ” kitabları və digər bu kimi əsərləri elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır.

Alim Arxeologiya və Etnoqrafiya İnstitutunun “Naxçıvan Muxtar Respublikasının maddi mədəniyyəti” mövzusunun əsas tədqiqatçısı və Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəridir. O, Naxçıvan arxeoloji ekspedisiyasına rəhbərlik edərək bu ərazidə qədim və orta əsr abidələri üzrə elmi tədqiqat işləri aparmışdır.

V.Əliyev Azərbaycanın milladan əvvəl II-I minillikləri əhatə edən qədim şəhər mədəniyyəti, ilk tunc dövrü Kür-Araz mədəniyyəti, orta tunc dövrü Boyalı qablar mədəniyyəti, son tunc və ilk dəmir dövrü Xocalı-Gədəbəy mədəniyyəti, Cənubi Azərbaycanın tunc dövrü mədəniyyətləri, qayaüstü təsvirlər və erkən piktoqrafik yazı mədəniyyəti, qədim tayfa ittifaqlarının dövlət qurumlarının təkamülü, Azərbaycan xalqının ilkin etnik formalaşması-etnogenezi, və s. mühüm problem məsələlər üzrə geniş planda elmi-tədqiqat işləri aparır. Onun tərəfindən 1960-1980-ci illərdə aparılan gərgin və səmərəli axtarışlar sayəsində Naxçıvan Muxtar Respublikası ərazisində 500-dən artıq yeni tarixi abidə aşkar edilmişdir.

Arxeoloq alimin Naxçıvan ərazisində eneolit, tunc, ilk dəmir, antik və orta əsrlər dövrü abidələrində apardığı tədqiqatlar nəticəsində əldə etdiyi elmi nailiyyətlər Azərbaycan, eləcə də Qafqaz və Yaxın Şərq ölkələri arxeologiyasının öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

V.Əliyev Naxçıvan çayı vadisindəki Kültəpə adlı yaşayış yerlərində, Şərurda Ovçular təpəsi, Sədərək, Xələc, Maxta, Daşarx və b. eneolit-tunc dövrü abidələrində apardığı arxeoloji tədqiqatlarda əldə etdiyi faktik materiallara əsaslanaraq Azərbaycanda, bütövlükdə Qafqazda, Ön Asiyada – Anadoluda, Suriyada və Fələstində e.ə. IV-III minilliklərdə geniş yayılmış Kür-Araz mədəniyyətinin qədim Naxçıvanda, Qarabağda və Urmiyada yerli oturaq əkinçi-maldar tayfaların eneolit mədəniyyəti əsasında təkamül tapdığını müəyyən etmişdir.

Azərbaycanın erkən şəhər mədəniyyət abidələrinin tədqiqi Vəli Əliyevin adı ilə bağlı olub, onun ən dəyərli elmi nailiyyətidir. O, Naxçıvandakı İkinci Kültəpə, Oğlanqala, Şahtaxtı-Govurqala, Qazançı qalası, Gilan-Plovtəpə  ilkin şəhər mərkəzlərində, Naxçıvan şəhərinin tunc dövrü nekropolunda, Çalxanqala, Vayxır-Govurqala, Əznəburd və b. qədim qala-şəhərləri abidələrində müdafiə istehkamlarında apardığı arxeoloji tədqiqatlar əsasında Azərbaycanda e.ə. III-II minilliklərdə iri tayfa ittifaqlarına-erkən dövlət qurumlarına  məxsus qədim şəhər mərkəzlərinin yarandığını sübut etmişdir.

AMEA-nın müxbir üzvü Vəli Əliyev Ordubad rayonu ərazisində Qapıcıq-Gəmiqaya zirvəsinin cənubunda, dəniz səviyyəsindən 3500-3700 m. yüksəklikdə qədim Naxçıvan mədəniyyətinin qayaüstü təsvirlərini – petroqlifləri (e.ə. IV-I minilliklər) aşkara çıxarıb tədqiq etmişdir. 

Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 15 fəlsəfə doktoru hazırlanmışdır.

Tanınmış elm mücahidini 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

 

  • Paylaş: