Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.07.2016 19:08
  • A-
  • A
  • A+

“İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

“İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

İyulun 15-də AMEA Nizami adına Ədəbiyyat və Folklor institutlarının birgə təşkilatçılığı ilə “İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli beynəlxalq tədbirin 2017-ci ildə ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına olan marağın artırılmasına, elmi ictimaiyyətin diqqətini İslam coğrafiyasında oyun mədəniyyətinə, bu mədəniyyətin dövlətlər və xalqlar arasında əlaqələrdə roluna həsr edildiyini söyləyib.

Prezident İlham Əliyevin “İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında” 2016-cı il 14 yanvar tarixli Sərəncamını xatırladan akademik İ.Həbibbəyli komissiyanın tərkibinə respublikanın bir sıra tanınmış alimlərinin də daxil olduğunu, ölkəmizdə təşkil ediləcək elmi tədbirlərin AMEA tərəfindən həyata keçiriləcəyini söyləyib.

AMEA-nın vitse-prezidenti konfransda İslam coğrafiyasında yaşayan xalqların ənənəvi mədəniyyətinin, mərasim folklorunun, oyun və tamaşalarının müxtəlif aspektlərinin müzakirə olunacağını bildirib.

Sonra çıxış edən Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov tədbirin dövlətimizin başçısının “IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” 2015-ci il 18 sentyabr tarixli Sərəncamına əsasən keçirildiyini söyləyib. Konfransın təşkilinin əsas məqsədinin İslam ölkələrinin mədəniyyətində, meydan tamaşalarında, xalq oyunlarında ortaq dəyərlərin tapılması olduğu qeyd edilib.

M.İmanov İslam çoğrafiyasında ortaq oyunlardan, onların mifoloji mahiyyətindən, xalq oyunlarının ritual köklərindən, geyim və personajlarından, Azərbaycanın oyun mədəniyyətindən, meydan tamaşalarından və xalq oyunlarının müxtəlif sənət sahələri ilə əlaqəsindən söz açıb.

Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Azərbaycan və qədim türk xalqlarının mədəniyyətində, xalq oyunlarında təsviri sənətin yeri və rolu barədə məlumat verib. Azərbaycanda teatr sənətinin bir hissəsinin meydan tamaşalarına, digər qisminin isə müxtəlif sənət növlərinin təsvir obyektinə kökləndiyini bildirib. Qeyd edilib ki, İslam mədəniyyəti bir sıra sahələrdə olduğu kimi oyun mədəniyyətində də ortaq dəyərlərin formalaşmasına şərait yaradıb. Azərbaycanda mövcud olan bir çox oyunlara digər İslam ölkələrində də rast gəlinməsi həmin əlaqələrin mühüm göstəricisidir.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev unudulmaqda olan xalq oyunlarının və meydan tamaşalarının bərpa olunmasının, qorunmasının və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd edib, bu istiqamətdə bir sıra qurumların, həmçinin AMEA ilə nazirliyin əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə “Xalq oyun-tamaşalarında kuklalar və maskalar”, “Xalq oyunlarının funksional strukturu” və digər mövzularda məruzələr dinlənilib. Sonra konfrans işini yeddi bölmədə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: